media-rakurs_-_tramp_-_yol_v-veliyev_-yazi44433

Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Forum çərçivəsində Prezident İlham Əliyevin bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi istiqamətində görülən işlərə dair səsləndirdiyi fikirlərin Azərbaycanın nəqliyyat-logistika imkanlarının daha da gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığını bildirib.

Deputatın sözlərinə görə, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra regionda yaranan yeni reallıqlar nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi üçün mühüm imkanlar yaradıb. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionun iqtisadi inteqrasiyasına və beynəlxalq yükdaşımaların həcminin artmasına ciddi töhfə verəcək.

Vüqar Bayramov qeyd edib ki, dəhlizin mühüm elementlərindən biri olacaq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyat əlaqəsinin bərpasına imkan yaradacaq. Onun sözlərinə görə, layihənin reallaşması nəticəsində Çindən Londona yüklərin çatdırılma müddəti 18 günə qədər azalacaq ki, bu da Orta Dəhlizin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Deputat vurğulayıb ki, illik 15 milyon ton yükötürmə potensialına malik olacaq Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına xüsusi töhfə verəcək. Yaxın perspektivdə Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək bu marşrut Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsinə, eyni zamanda region ölkələrinin gəlirlərinin artmasına xidmət edəcək.

Vüqar Bayramovun sözlərinə görə, hesablamalara əsasən, qitələrarası ticarət dövriyyəsinin 200 milyard dollar artacağı, daşınan yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə həyata keçiriləcəyi gözlənilir. O bildirib ki, 10 illik proqnozlara əsasən, dəhliz 50 milyard dollar həcmində gəlir formalaşdırmaq və hər il 60 mindən çox yeni iş yerinin yaradılmasına töhfə vermək potensialına malikdir.

Deputat əlavə edib ki, Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Bu isə həmin marşrutlar üzrə yükdaşımaların artmasına, Orta Dəhlizin daha da genişlənməsinə və Azərbaycanın beynəlxalq tranzit gəlirlərinin yüksəlməsinə şərait yaradacaq. Eyni zamanda, ölkənin ixrac imkanları genişlənəcək və yerli məhsulların alternativ marşrutlarla yeni bazarlara çıxışı təmin ediləcək.

Vüqar Bayramov sonda bildirib ki, Zəngəzur dəhlizi yalnız iqtisadi deyil, həm də strateji və siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu layihə Azərbaycan ilə Naxçıvan arasında quru əlaqəsinin bərpasını təmin etməklə yanaşı, Naxçıvanın uzun illər davam edən nəqliyyat blokadasının aradan qaldırılmasına, türk dünyasının quru nəqliyyat bağlantılarının güclənməsinə və bütövlükdə regionun dayanıqlı inkişafına mühüm töhfə verəcək.


media-adspc

Bənzər xəbərlər