Dəyərlərə sədaqət insanın həyat tərzinə necə çevrilir? - AÇIQLAMA
Bəzi mövzular var ki, insan onları müxtəlif tərəflərdən dəyərləndirmədən yekun nəticəyə gələ bilmir.
ERAmedia xəbər verir ki, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova itaət anlayışının cəmiyyətdə çox vaxt yanlış təqdim olunduğunu bildirib.
Onun sözlərinə görə, itaət əksər hallarda qul psixologiyasının göstəricisi kimi qiymətləndirilsə də, bu anlayışın bütün formalarını eyni müstəvidə dəyərləndirmək doğru deyil.
Mehriban Zeynalova qeyd edib ki, qorxudan doğan itaət insanı tabe edir, məcburiyyətdən yaranan itaət isə onun imkanlarını məhdudlaşdırır. Lakin sevgidən doğan itaət tamamilə fərqli mahiyyət daşıyır. O vurğulayıb ki, insan sevdiyi dəyərlərə, seçdiyi məqsədlərə və inandığı həqiqətlərə bağlılıq nümayiş etdirəndə əslində öz azad iradəsini həyata keçirir.
QHT sədri bildirib ki, bu halda itaət tabeçilik deyil, şüurlu seçimə çevrilir. O, qədim yunan filosofu Aristotelin fikirlərinə istinad edərək xatırladıb ki, insan xarakteri təkrar olunan davranışlar nəticəsində formalaşır. Başlanğıcda sevgi ilə edilən hərəkətlər zaman keçdikcə vərdişə, daha sonra isə xarakterə çevrilir.
Mehriban Zeynalovanın sözlərinə görə, bu səbəbdən bəzi dəyərlərə bağlılıq yalnız hisslərdən asılı qalmır. O qeyd edib ki, bir sıra ilahiyyatçılar insanın ilkin mərhələdə Allaha qorxudan itaət edə biləcəyini, sonradan isə bu münasibətin sevgiyə əsaslandığını bildirirlər. Daha sonrakı mərhələdə isə həmin bağlılıq insanın varlığının ayrılmaz hissəsinə çevrilir.
“Bu zaman artıq ‘itaət edirəm’ hissindən daha çox, ‘mən belə yaşayıram’ hissi formalaşır”, – deyə Mehriban Zeynalova vurğulayıb.
QHT sədri hesab edir ki, azad insan itaəti bütövlükdə rədd edən deyil, hansı dəyərlərə bağlı qalacağını şüurlu şəkildə seçən insandır.









