DİA ilə Pamukkale Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb-FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyə Respublikasının Pamukkale Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
ERAmedia xəbər verir ki, sənəd iki ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlığın qurulmasını, tədris və elmi-tədqiqat sahəsində birgə fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur. Razılaşmaya əsasən, tərəflər birgə beynəlxalq elmi layihələr həyata keçirəcək, müxtəlif mövzularda konfrans və forumlar təşkil edəcək, tələbə və müəllim mübadiləsi aparacaq, həmçinin hər iki universitetin elmi kitabxana resurslarından ortaq istifadə imkanları əldə edəcəklər.
Memorandumu DİA-nın rektoru, akademik Urxan Ələkbərov və Pamukkale Universitetinin rektoru, professor Mahmud Güngör imzalayıblar.
Urxan Ələkbərov son onilliklərdə qardaş Türkiyə Respublikasının hərtərəfli inkişafını xüsusi vurğulayaraq, Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə nümunəvi əməkdaşlıq yaratdığını qeyd edib. O, bu əməkdaşlığın elm və təhsil sahəsində də dərinləşdirilməsinin strateji zərurət olduğunu bildirərək, imzalanmış memorandumun iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Pamukkale Universitetinin nümayəndələri isə DİA ilə əməkdaşlığı yüksək dəyərləndirərək, imzalanan memorandumun iki qardaş ölkənin təhsil və elm sahəsində əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini bildiriblər.