“Diabet Mənim Dostumdur” adlı düşərgə teşkil edilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Kapital Bank Açıq Səhmdar Cəmiyyəti və Urban Crew MMC-nin təşkilatçılığı ilə muxtar respublika üzrə şəkərli diabetdən əziyyət çəkən uşaqların 10–12 noyabr tarixlərində Bakı şəhərinə ekskursiyası təşkil edilib.
ERAmedia xəbər verir ki, düşərgəyə yola düşməzdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda yerləşən əzəmətli abidəsini ziyarət edərək, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra uşaqların Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Samiq Sadıxovla görüşü təşkil olunub. Görüş zamanı nazir muxtar respublikada Dövlət Proqramına uyğun olaraq şəkərli diabetli uşaqlar üçün görülən işlər, tətbiq edilən yeniliklər və göstərilən dəstək tədbirləri barədə məlumat verib, düşərgə iştirakçılarına səmərəli və xoş istirahət arzulayıb.
Görüşdən sonra uşaqlar valideynləri ilə birlikdə Bakı şəhərinə yola düşüblər. Düşərgənin ilk günündə rəsmi açılış mərasimi keçirilib, ardınca uşaqlar üçün əyləncəli proqramlar, intellektual oyunlar və maarifləndirici təlimlər təşkil olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən bu təşəbbüs ilk dəfə olaraq muxtar respublikada Ağbulaq İstirahət Mərkəzində təşkil edilib.










