Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik - Tahir Mirkişili
“Xalqımızın milli-mənəvi dəyərlərinin ən əsası müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıb. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir, mütərəqqi insanları, böyük şəxsiyyətləri xalqımızn milli-mənəvi dəyərlərini yaradıblar. Bu bizim adət-ənənələrimizdir, ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir. Amma eyni zamanda, imkan verməməliyik ki, dini bəzi şəxsi məqsədlər üçün istismar etsinlər”.
ERAmedia xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
“Dinin ondan öz şəxsi məqsədləri üçün istifadə etmək istəyən ayrı-ayrı adamların əlinə keçməsinə imkan verilməməlidir. Bizim milli ideologiyamızın bir qolu da ümumbəşəri dəyərlərdir. Ümumbəşəri dəyərlər birinci növbədə bizim yaratdığımız Konstitusiyada əsas məqsəddir. Biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Bax, bu bir cümlədə ümumbəşəri dəyərlərin ifadəsi öz əksini tapıb.
Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir.
Bizim borcumuz bu ideologiyanı təbliğ etmək, genişləndirmək, inkişaf etdirmək, insanlara başa salmaqdır. Güman edirəm ki, bizim alimlərimiz, tədqiqatçılarımız bu sahədə çox geniş iş görməlidirlər.
Məhz bu məqsədlə, hesab edirəm ki, ölkəmizdə Azərbaycançılıq İnstitutunun yaradılmasına artıq böyük ethiyac var. Əminəm ki, belə bir institut milli ideologiyanın məzmununun zənginləşməsinə mühüm töhfə verə bilər”, – deputat qeyd edib.









