media-whatsapp-image-2026-05-05-at-09-58-44

İllərdir bu foto Ermənistan tərəfindən “humanizm” təbliğatı kimi paylaşılır. Ermənilər iddia edirlər ki, guya onlar girov və əsirlərə qarşı insani davranış göstərib, azərbaycanlılara qarşı şiddət və zorakılıq tətbiq etməyiblər.

İndi isə bu təbliğatın arxasındakı həqiqətə baxaq.

Sosial mediada uzun illərdir yayılan bu foto 1993-cü ildə fotoqraf Zaven Xaçikyan tərəfindən Kəlbəcər rayonunun Dalqılınclı kəndində çəkilib. Erməni tərəfi iddia edir ki, guya Azərbaycan tərəfi şəkildə görünən qadını “qoyub qaçıb”. Lakin reallıq fərqlidir.

Birinci Qarabağ müharibəsinin şahidləri və tədqiqatçıları təsdiq edir ki, Kəlbəcər rayonunun işğalı zamanı ağır texnika və silahlardan istifadə olunub. Dinc əhalini xilas etmək üçün göndərilən helikopterlərə maneələr yaradılıb. Hətta erməni silahlıları Azərbaycan dilini bilmələrindən istifadə edərək helikopterlərlə yaxınlaşmış, insanları aldadaraq əsir götürmüşlər.

Vaxtında kömək gəlmədiyi üçün şəkildə görünən Şaxanım Allahverdi qızı Cəfərova (Şeyxa nənə) və ailəsi kəndin qəfil mühasirəyə düşməsi nəticəsində əsir düşüb. Şeyxa nənə yaşlı və xəstə olduğu üçün evini tərk edə bilməyib.

1910-cu ildə anadan olan Şeyxa nənə foto çəkilərkən təxminən 81–83 yaşlarında olub. Onun yanında olan şəxs isə Türkiyə ermənisi əsilli, Fransadan döyüşmək üçün gəlmiş Sarkis Atsupanyandır. O, 1962-ci ildə Türkiyənin İskəndərun şəhərində anadan olub, 1980-ci illərdə Fransaya köçərək orada təhsil alıb və Fransa vətəndaşlığı əldə edib. Qarabağ müharibəsi başlayanda isə qanunsuz şəkildə bölgəyə gəlib.

Foto 1993-cü ilin aprel ayında, Kəlbəcərin işğalı zamanı çəkilib. Dalqılınclı kəndinə daxil olan silahlılar yaşlı qadını və digər sakinləri əsir götürüblər. Sarkis Atsupanyan türk dilində danışaraq gizlənən insanların ortaya çıxmasına nail olub və onları əsir alaraq Ermənistana aparıb.

Şeyxa nənə və digər kənd sakinləri Ermənistanın Vardenis rayonunda girov saxlanılıb. Bir müddət sonra o, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan tərəfinə təhvil verilib. Lakin yaşlı qadın yaşadığı ağır stress, doğma yurdunun itirilməsi və əsirlik travmalarına dözməyərək azadlığa çıxdıqdan qısa müddət sonra vəfat edib.

Kəlbəcər hücuma məruz qalarkən Şeyxa nənənin oğulları və yaxınları döyüşdə olub, kəndin qadın və uşaqları isə Murovdağ istiqamətinə üz tutublar. Şeyxa nənə isə yerimək imkanları olmadığı üçün evində qalıb.
Fotonun müəllifi Zaven Xaçikyan sonradan verdiyi müsahibələrdə etiraf edib ki, həmin vaxt kənddə qalan azərbaycanlılar qəfil hücum səbəbindən evlərini tərk edə bilməyiblər.

Bu foto illərdir “humanizm” nümunəsi kimi təqdim edilsə də, əslində işğalın, əsirliyin və insan faciəsinin real görüntüsüdür. Bu kadrın arxasında gizlənən həqiqət dəyişməz olaraq qalır.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər