Doktorant və gənc tədqiqatçıların NƏZƏRİNƏ
Oktyabrın 30-31-də Naxçıvan Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək.
Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək.
ERAmedia-ya Nazirlikdən bildirilib ki, tədbirdə ölkənin müxtəlif bölgələrini və elmi istiqamətləri təmsil edən doktorantların, dissertantların və gənc tədqiqatçıların iştirakı nəzərdə tutulur.
Konfransda Azərbaycan Respublikasının vətəndaşı olan, ölkə daxilində və ya xaricdə fəaliyyət göstərən ali təhsil və elmi müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlar, eləcə də Azərbaycanda fəaliyyət göstərən ali təhsil və elmi müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə təhsil alan əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər. Yaşı 35-dən yuxarı olmayan elmi dərəcəyə malik şəxslər də konfransa qoşula bilərlər.
Tədbir çərçivəsində elmi məruzə və müzakirələrlə yanaşı, iştirakçılar üçün müxtəlif sosial-mədəni proqramların, o cümlədən turizm səfərləri, əyləncə proqramları və konsertlərin təşkili nəzərdə tutulur. Bölmə iclaslarında fərqlənən iştirakçıların hədiyyə və mükafatlarla təltif olunması da planlaşdırılır.
Konfransda iştirak ödənişsizdir. Tədbir ənənəvi və onlayn formatda keçiriləcək. Onlayn iştirakçıların sayı hər bir müəssisə üzrə ümumi iştirakçıların 30 faizindən çox olmamalıdır.
Məqalə və tezislərin qəbulu oktyabrın 1-dək davam edəcək.
Konfrans, iştirak şərtləri, tezislərin tərtibat qaydaları və qeydiyyatla bağlı ətraflı məlumatı konfrans.ndu.edu.az saytından əldə etmək mümkündür.









