media-reqemsal-mekteb-platformasi-fealiyyete-baslayir-jurnallar-legv-olunur

Azərbaycan Prezidenti tərəfindən “Dövlət auditi” informasiya sisteminin (DAİS) yaradılması ilə bağlı imzalanan Fərman dövlət vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi və maliyyə idarəçiliyində şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, yeni sistem rəqəmsal texnologiyalar vasitəsilə maliyyə sənədlərinin və məlumatların elektron mübadiləsini təmin etməklə elektron kənar auditin tətbiqinə imkan verəcək.

Deputatın sözlərinə görə, beynəlxalq təcrübədə, xüsusilə Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) tövsiyələrində informasiya texnologiyaları auditinin tətbiqi mühüm istiqamətlərdən biri kimi qiymətləndirilir. Azərbaycanda maliyyə məlumatlarının tam elektronlaşdırılmaması və sistemlər arasında inteqrasiyanın məhdud olması isə bu audit imkanlarından daha geniş istifadəni çətinləşdirirdi.

Vüqar Bayramov qeyd edib ki, DAİS-in yaradılması dövlət vəsaitlərinin hərəkəti və istifadəsi ilə bağlı məlumatların daha operativ şəkildə təhlilinə, risklərin əvvəlcədən müəyyənləşdirilməsinə və kənar maliyyə nəzarətinin gücləndirilməsinə şərait yaradacaq.

“2025-ci ildə Hesablama Palatası tərəfindən həyata keçirilən 48 fəaliyyətin, o cümlədən 43 audit və 5 analitik fəaliyyətin 75 faizində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Eyni zamanda, büdcə vəsaitlərinin idarə edilməsi üzrə nöqsanların aşkarlandığı fəaliyyətlərin də payı 75 faiz olub. Keçirilən auditlərin 74 faizindən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması müəyyən edilib”, – deputat bildirib.

Onun sözlərinə görə, bu göstəricilər dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal nəzarət mexanizmlərinin daha da gücləndirilməsinin vacibliyini göstərir. Yeni informasiya sisteminin tətbiqi maliyyə məlumatlarının vahid elektron mühitdə toplanmasına və təhlilinə imkan verməklə auditin effektivliyini yüksəldə bilər.

Deputat dövlət satınalmaları sahəsində də elektron inteqrasiyanın əhəmiyyətini xüsusi vurğulayıb. O qeyd edib ki, Hesablama Palatasının məlumatlarına əsasən, Azərbaycanda dövlət satınalmalarının 51 faizindən çoxunda ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət arasındakı fərq 20 faizdən çox olub.

“Bu göstərici dövlət satınalmalarında vəsaitlərin səmərəli istifadəsi və şəffaflığın təmin edilməsi baxımından diqqət tələb edir. Dövlət satınalmalarının daha geniş şəkildə inteqrasiya edilmiş elektronlaşdırılması, eləcə də süni intellekt imkanlarından istifadə nəzarət mexanizmlərinin effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər”, – Vüqar Bayramov vurğulayıb.

Deputatın fikrincə, “Dövlət auditi” informasiya sisteminin formalaşdırılması dövlət maliyyə nəzarətində yeni mərhələnin başlanğıcıdır. Sistem kənar audit imkanlarını genişləndirməklə yanaşı, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılmasına, risklərin vaxtında müəyyən edilməsinə və daha şəffaf, hesabatlı dövlət maliyyə sisteminin formalaşmasına xidmət edəcək.

Vüsalə


media-adspc

Bənzər xəbərlər