media-reqemsal-mekteb-platformasi-fealiyyete-baslayir-jurnallar-legv-olunur

Azərbaycanda rəqəmsal dövlət idarəçiliyinə keçid istiqamətində mühüm addımlar atılır.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq ölkədə elektronlaşma prosesi daha da sürətlənəcək və bu çərçivədə kağızsız hökumət modelinin tətbiqi əsas prioritetlərdən biri olacaq.

Deputatın sözlərinə görə, son olaraq daha beş İcra Hakimiyyətinin informasiya texnologiyaları sisteminin “Hökumət buludu”na köçürülməsi rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.

Vüqar Bayramov qeyd edib ki, fəaliyyət planında rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət və rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, dövlət idarəçiliyində kağızsız hökumət modelinə keçid xüsusi yer tutur.

Deputat vurğulayıb ki, plana əsasən bu istiqamətdə əsas icraçı qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Kağızsız hökumət modeli dövlət qurumlarının daxili biznes proseslərinin, o cümlədən maliyyə, insan resursları və satınalma sahələrinin azı 80 faizinin təhlilini, müəssisə resurslarının planlaşdırılmasını və rəqəmsal iş axını üçün vahid texniki meyarların təsdiqini nəzərdə tutur.

Onun sözlərinə görə, həyata keçiriləcək tədbirlər nəticəsində müəssisə resurslarının planlaşdırılması və rəqəmsal iş axını sistemlərinin tətbiq olunduğu dövlət qurumlarının payı 40 faizi ötəcək.

Vüqar Bayramov bildirib ki, fəaliyyət planına əsasən Azərbaycanda kağızsız hökumət modelinə keçid 2028-ci ilin iyul ayında başa çatacaq. Bu mərhələdən sonra dövlət qurumlarında sənəd dövriyyəsinin və əməliyyatların 80 faizi rəqəmsal formata keçiriləcək.

Deputat hesab edir ki, bu islahat innovativ sahələrin ümumi daxili məhsuldakı payının artmasına, sahibkarlığın inkişafına, vətəndaşların dövlət xidmətlərindən istifadəsinin genişlənməsinə və dövlət idarəçiliyinin rəqəmsal transformasiyasının sürətlənməsinə mühüm töhfə verəcək.

Vüsalə


media-adspc

Bənzər xəbərlər