Dövlətin humanist siyasətində növbəti addım

- Millət vəkili Fazil Mustafa
Amnistiya təşəbbüsü cəmiyyətin mənəvi dəyərlərinə, bağışlama və sosial ədalət prinsiplərinə söykənir və hüquqi dövlət anlayışının mühüm tərkib hissəsidir.
ERAmedia xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Fazil Mustafa Prezidentin amnistiya təşəbbüsünə münasibət bildirərək bu addımı dövlətin humanist siyasətinin davamı kimi dəyərləndirib.
O qeyd edib ki, qeyd edib ki, bu cür qərarlar ilk növbədə az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş şəxslərin islah olunmasına, onların cəmiyyətə yenidən inteqrasiyasına xidmət edir.
F.Mustafa vurğulayıb ki, amnistiya yalnız cəzanın yüngülləşdirilməsi deyil, eyni zamanda insanların həyatında yeni səhifənin açılması, səhvlərdən nəticə çıxararaq normal həyata qayıtmaq üçün verilən fürsətdir.
Komitə sədri bildirib ki, Prezidentin bu təşəbbüsü ailə institutunun möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
“Çünki amnistiya nəticəsində bir çox ailələr yenidən bir araya gəlir, sosial və psixoloji gərginlik azalır, cəmiyyətdə qarşılıqlı etimad güclənir. Onun fikrincə, bu addım həm də dövlət-vətəndaş münasibətlərində humanist yanaşmanın dərinləşdiyini göstərir”, -deyə o əlavə edib.
Eyni zamanda, Fazil Mustafa amnistiyanın tətbiqi prosesində qanunvericiliyin tələblərinə ciddi əməl olunmasının vacibliyini qeyd edib. O vurğulayıb ki, amnistiya aktı selektiv deyil, ədalətli, şəffaf və məsuliyyətli şəkildə icra edilməli, cəmiyyətin təhlükəsizliyi əsas prioritet olaraq qorunmalıdır. Millət vəkilinin fikrincə, bütün bu amillər nəzərə alındıqda Prezidentin amnistiya təşəbbüsü həm hüquqi, həm də mənəvi baxımdan cəmiyyət üçün müsbət nəticələr vəd edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Vural Həsənoğlu










