media-la28swmmytkqpewyy7xuaoxo4sh4ndqexlchirzy

İskəndər bəy Sultanov XX əsrin əvvəllərində Azərbaycan tarixində mühüm rol oynamış hərbçi və mühəndislərdən biridir. Onun həyatı Azərbaycan Xalq Cümhuriyyəti dövrü və sonrakı repressiya illəri ilə sıx bağlıdır.

ERAmedia bildirir ki, gənc yaşlarından həm hərbi sahədə, həm də texniki təhsil istiqamətində fəaliyyət göstərib. Taleyi isə sovet dövrünün repressiyaları nəticəsində faciəli şəkildə sona çatıb.

İskəndər bəy Rüstəm bəy oğlu Sultanov 1897-ci il mayın 25-də Zəngəzur qəzasının Qasımuşağı obasında anadan olub.

1909-cu il yanvarın 20-də Bakı Kommersiya Məktəbinə daxil olub və 1916-cı ildə təhsilini başa vurub. Bir müddət Şuşa qəza polis idarəsində işləyib.

İskəndər bəy Sultanov 1918-ci ilin sentyabrında Bakının azad edilməsində iştirak edib. Döyüşdə göstərdiyi şücaətə görə “Məcidiyyə” türk hərbi ordeni ilə təltif olunub. 1919-cu ilin yanvarından etibarən Qarabağın general-qubernatoru olan əmisi Xosrov bəy Sultanovun yanında xidmət edib. Bu döyüşlərin birində sol gözünü itirib.

Xosrov bəy Sultanov Səməd bəy Mehmandarova 1919-cu il iyulun 14-də göndərdiyi teleqramda İskəndər bəydən bəhs edib. Həmin teleqramdan sonra İskəndər bəy hərbi nazirin əmri ilə praporşik rütbəsi alıb.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də 100 nəfər azərbaycanlı gəncin xaricdə ali təhsil alması barədə qərar qəbul edib və bunun üçün 7 milyon manat vəsait ayrılıb. İskəndər bəy Sultanov da xaricə göndərilən tələbələrdən biri olub. O, 1920-ci il yanvarın 14-də Bakı Dəmir Yolu Vağzalından yola salınıb və Berlində Şarlottenburq Politexnik İnstitutunda təhsil almağa başlayıb.

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra 1921-ci ildən etibarən Azərbaycan SSR tərəfindən təqaüd almasına icazə verilib. 1923–1925-ci illərdə Azərbaycanlı Tələbələr İttifaqının məlumatlarına görə, onun təhsilini başa vurmasına iki il qalmışdı. Bu müddətdə kinofirmalarda statist kimi işləyib. 1928-ci ildə təhsilini başa vurub.

1933-cü ilin sentyabrında Azərbaycan Sovet Sosialist Respublikasına qayıdıb və “Azərneft”də elektrik kəşfiyyatı mühəndisi kimi fəaliyyətə başlayıb.

1935-ci il mayın 15-də XDİK tərəfindən həbs olunub. Həbsdən sonra 15 maydan 27 oktyabra qədər 18 dəfə dindirilib. 1935-ci il dekabrın 27-də Azərbaycan SSR Ali Məhkəməsinin Xüsusi Kollegiyasının qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib və 1936-cı il yanvarın 29-da Orta Asiyadakı islah əmək düşərgəsinə göndərilib.

İskəndər bəyin bacısı Dilarə Sultanovanın 1991-ci ildə yazdığı məktuba görə, o, 1942-ci ildə Zərəfşandakı islah əmək düşərgəsində vəfat edib.

İskəndər bəy Sultanovun atası Rüstəm bəy Sultanov 1875-ci ildə Qasımuşağı obasında anadan olub. Qarabağ xanlığının Qaraçorlu mahalının naibi olmuş Həmzə bəyin nəslindəndir. Mühəndis olub və Bakı neft mədənlərində işləyib.

Anası Balış xanım Mustafa bəy qızıdır. Ailədə Leyla, Diləfruz, Dilarə adlı qızları və İskəndər adlı oğulları dünyaya gəlib.

Əmisi Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimi olub.

Vüsalə


media-adspc

Bənzər xəbərlər