Dron hücumları fonunda Bakı–Ankara xətti: Şuşa Bəyannaməsi yenidən gündəmdə
Siyasi şərhçi Elxan Şahinoğlu hesab edir ki, son günlər İran ətrafında baş verən hadisələr regionda qəribə və ziddiyyətli vəziyyət yaradıb.
ERAmedia xəbər verir ki, onun sözlərinə görə, bir tərəfdən Azərbaycan və Türkiyə rəhbərləri diplomatik jestlər nümayiş etdirir, digər tərəfdən isə İran ərazisindən qonşu ölkələr istiqamətində dronların uçuşu davam edir.
Şərhçi bildirib ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığında baş verən hadisələrlə bağlı başsağlığı verib və ölkədə seçilən yeni dini lideri təbrik ediblər.
“Ancaq bundan cəmi bir neçə saat sonra İran ərazisindən yenidən qonşu ölkələr istiqamətində dronların atılması müşahidə olunur. Bu isə rəsmi Tehranın verdiyi mesajlarla sahədə baş verənlər arasında ziddiyyət yaradır”, – deyə o qeyd edib.
Onun fikrincə, İran prezidenti qonşu ölkələrdən üzr istəməklə vəziyyəti yumşaltmağa çalışsa da, İran daxilindəki müəyyən qüvvələrin fəaliyyəti bu səyləri kölgədə qoyur.
“Görünən odur ki, Islamic Revolutionary Guard Corps (SEPAH) daxilində bəzi generalların addımları Pezeşkianın diplomatik səylərinin üstündən xətt çəkir. Hər yeni dron hadisəsi İran prezidentinin mövqeyini zəiflədir və regiondakı gərginliyi artırır”, – politoloq bildirib.
E.Şahinoğlunun sözlərinə görə, həm Azərbaycan, həm də Türkiyə müharibənin əleyhinədir və problemlərin danışıqlar yolu ilə həllini dəstəkləyir.
“Bakı və Ankara İranın ərazi bütövlüyünü dəstəklədiklərini dəfələrlə bəyan ediblər. Buna baxmayaraq, İran ərazisindən atılan dronlar hər iki ölkədə narahatlıq yaradır”, – o vurğulayıb.
Siyasi şərhçi qeyd edib ki, Türkiyədə ictimai rəy daha çox anti-İsrail və anti-Amerika mövqeyində olsa da, Azərbaycanda bu məsələyə yanaşma müəyyən qədər fərqlidir.
Onun fikrincə, mövcud vəziyyət Azərbaycan və Türkiyə arasında koordinasiyanın daha da gücləndirilməsini zəruri edir.
“Bu kontekstdə Şuşa Bəyannaməsi iki ölkə arasında siyasi və hərbi əməkdaşlığın dərinləşdirilməsi üçün əsas sənəddir. Regionda gərginlik fonunda Bakı ilə Ankaranın daha sıx koordinasiyaya ehtiyacı var”, – deyə Elxan Şahinoğlu əlavə edib.
Vüsalə









