Dünən həbs edilən Fidan Abbasovanı bu gün məhkəmə azad edib - FOTO
Dünən həbs edilən SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin qızının anası Fidan Abbasova bu gün sərbəst buraxılıb.
ERAmedia xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.
Yuxarı instansiya şikayəti dərhal icraata götürüb və həbs qərarının əsassız olduğunu elan edib.
Hakim Fidanın atası tərəfindən qəbul edilməyən azyaşlı övladının olmasını da nəzərə alaraq, həbsdən imtina edilməsini qanunauyğun sayıb. Nəticədə, Fidan Abbasova dərhal həbsdən azad olunub.
Fidanın hüquqlarının müdafiəsinə isə tanınmış vəkil Ceyhun Yusifov qoşulub. Məhkəmə sonrası açıqlama verən vəkil ittihamı onsuz da qəbul etmədiklərini, şikayətlərinin qəbul ediləcəyinə inandıqlarını bildirib: “Əsas şikayətçi Orxan İsmayılzadə iddia edir ki, Fidan 9 il əvvəl ondan hədə-qorxu ilə 200 min manat alıb. Əgər belə hal olubsa, niyə 9 il ərzində bununla bağlı müraciət etməyib? Niyə məhz atalıqla bağlı məhkəmə qərarından sonra bu iddia ortaya çıxıb? Bu qədər ziddiyyətli və sübuta yetirilməmiş iddia əsasında şəxsin həbs olunması doğru deyildi. Nəticə etibarilə məhkəmə də yekunda bizim mövqeyimizi əsaslı saydı. Fidan bir gecəlik həbsdən sonra övladının yanına qayıdır. Şübhəsiz ki, ədalət hər zaman yerini tapır”.

Qeyd edək ki, Fidan Abbasova ilə İsmayılovlar ailəsi arasında uzun illərdir məhkəmə çəkişməsi davam edir. Məsələ ondan ibarətdir ki, Fidan Abbasova ilə Orxan İsmayılzadə bir müddət münasibətdə olublar və həmin münasibət dövründə bir uşaq dünyaya gəlib. Lakin O.İsmayılzadə uşağı qəbul etmir və səbəbi tibbi cəhətdən ata olmasının mümkün olmadığını iddia etməsi ilə əsaslandırır. Buna baxmayaraq, həm birinci instansiya, həm də apellyasiya məhkəməsi təqdim olunan sübutlar əsasında uşağın atasının Orxan İsmayılzadə olduğunu təsdiqləyib. Bununla bağlı son məhkəmə qərarı elə bir neçə gün əvvəl elan olunub.










