Dünya Çempionatında SKANDAL: Məşhur aktrisa tribunadan qovuldu
Məşhur Hollivud aktrisası Aleksandra Daddario 2026-cı il futbol üzrə dünya çempionatında İngiltərə milli komandasına dəstək vermək üçün tribunadakı yerini alıb.
ERAmedia xəbər verir ki, Tomas Tuxelin rəhbərlik etdiyi İngiltərə yığmasını turnir boyu yaxından izləyən 40 yaşlı aktrisa son olaraq Mayamidə keçirilən Norveçlə dörddə bir final oyununda görüntülənib.
Daddario qarşılaşmanı onun üçün ayrılmış lüks korporativ lojadan izləmək hüququna malik olsa da, oyunun həyəcanını azarkeşlərlə birlikdə yaşamaq istəyib. Bu məqsədlə lojadan ayrılaraq aşağı tribunadakı azarkeşlərin arasına keçməyə çalışıb.
Lakin aktrisanın bu addımı stadionun təhlükəsizlik əməkdaşlarının diqqətindən yayınmayıb. Təhlükəsizlik işçiləri tərəfindən aşkarlanan Daddario tribunadan uzaqlaşdırılıb. O, həmin anlarda çəkilmiş fotosunu sosial şəbəkə hesabında paylaşaraq, “Tribunaya gizlicə keçməyə çalışarkən qovuldum” sözlərini yazıb.
Aktrisanın futbola olan marağı və səmimi davranışı pərəstişkarları tərəfindən rəğbətlə qarşılanıb. Onun lojada keçmiş “Wrexham” hücumçusu Olli Palmerlə birlikdə oyunu izlədiyi bildirilib. Qarşılaşmanı həmçinin Mik Caqqer və Maya Jama kimi tanınmış simalar da stadiondan izləyiblər. Tribunadan çıxarılmasına baxmayaraq, Daddario həm azarkeşlərin, həm də medianın diqqət mərkəzində olub.
Aleksandra Daddario Hollivudda “Percy Jackson” film seriyası, “Baywatch” və “San Andreas” kimi məşhur filmlərdəki rolları ilə tanınır. O, son illərdə isə “The White Lotus” serialındakı uğurlu performansı ilə geniş tamaşaçı rəğbəti qazanıb və “Emmy” mükafatına namizəd göstərilib.
Əli Fərhad









