Dünya Çempionatını izləyənə 50 min dollar ödəniləcək
“Fox Sports” və “Indeed” futbolsevərləri həyəcanlandıran qeyri-adi iş elanı yayımlayıb.
ERAmedia xəbər verir ki, şirkətlər 2026-cı il FIFA Dünya Çempionatı boyunca bütün oyunları izləyəcək “Dünya Kuboku İzləmə Məsulu” axtardıqlarını açıqlayıblar.
Şirkətlərin “yayın ən yaxşı işi” adlandırdığı vəzifə üçün seçilən şəxsə 50 min dollar ödəniləcək.
Qalib gələn namizəd Nyu-Yorkun “Tayms Skver” meydanında qurulacaq xüsusi şüşə kubun içərisində Dünya Çempionatının ümumilikdə 104 qarşılaşmasının hamısını izləyəcək.
Oyunlar turnuvanın rəsmi yayım platforması olan “Fox One” vasitəsilə nümayiş etdiriləcək. Lakin vəzifə yalnız matç izləməklə məhdudlaşmayacaq.
İşə qəbul olunacaq futbol həvəskarından qarşılaşmalarla bağlı sosial media məzmunları hazırlamaq, həmçinin tədbir məkanını turistlər və ərazidə çalışan insanlar üçün canlı futbol atmosferinə çevirmək tələb olunacaq.
“Bu, bazardakı ən yaxşı yay işi olacaq. Ancaq bu, yalnız həyatında bir dəfə qarşılaşa biləcəyi belə bir missiyanın öhdəsindən gələ biləcək çılğın azarkeş üçün nəzərdə tutulub”, – deyə açıqlamada bildirilib.
Müraciətlər “Indeed” platforması üzərindən qəbul ediləcək. Qalibin adı isə iyunun 6-da keçiriləcək “Boston Red Sox” – “New York Yankees” oyunundan əvvəl “Fox” telekanalının canlı yayımında açıqlanacaq.
2026 FIFA Dünya Çempionatı indiyədək keçirilmiş ən böyük mundial olacaq. İlk dəfə 48 komandanın iştirak edəcəyi turnir 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq.
Vural









