Dünya tarixinin ən qəribə müharibəsi: Futbol matçı silahlı qarşıdurmaya çevrildi
Dünya tarixinin ən maraqlı və eyni zamanda ən qeyri-adi silahlı münaqişələrindən biri kimi tanınan “Futbol müharibəsi” və ya “100 saatlıq müharibə” 1969-cu ildə Salvador və Honduras arasında baş verib.
ERAmedia xəbər verir ki, bu münaqişənin əsas səbəbi iki ölkə arasında mövcud olan siyasi gərginlik, sərhəd mübahisələri və miqrasiya problemləri idi.
Məlumata görə, qarşıdurma 1970-ci il FIFA Dünya Kubokunun Şimali Amerika zonası üzrə seçmə mərhələsi zamanı daha da kəskinləşib. 1969-cu ildə keçirilən pley-off qarşılaşmasında Salvador yığmasının Honduras üzərində qələbə qazanması iki ölkə arasında onsuz da mövcud olan gərginliyi silahlı müharibəyə çevirib.
1969-cu il iyulun 14-də Salvador ordusu Honduras ərazisinə hücuma keçib. Təxminən beş gün davam edən qarşıdurma tarixə “100 saatlıq müharibə” kimi düşüb.
Digər Amerika dövlətlərinin və Amerika Dövlətləri Təşkilatının vasitəçiliyi nəticəsində iyulun 20-də tərəflər arasında atəşkəsə nail olunub və müharibə dayandırılıb.
Müharibə nəticəsində hər iki tərəfdən 2 mindən çox insan həyatını itirib, minlərlə insan yaralanıb. Həlak olanların böyük əksəriyyətini isə mülki şəxslər təşkil edib.
Qeyd edək ki, bu barədə məlumatı jurnalist Anar Tağıyev sosial şəbəkə hesabında paylaşıb.









