media-605818875_25334570262901587_1224206779737046448_n
ABŞ-ın Venesuela prezidenti Nikolas Maduroya qarşı keçirdiyi xüsusi əməliyyat dünya hərbi tarixində qısamüddətli, itkisiz, ildırım sürətili və uğurlu döyüş əməliyyatı kimi qalacaq. Bu gün dünyada hüquq adına onsuz da heç nə qalmayıb. Daha əvvəl bənzər hadisələri Çexoslavakiyada, Macarıstanda, Panamada, Əfqanıstanda müşahidə etmişik. İstənilən halda dünyada həmişə bir aksioma daim işləkdir: kim güclüdürsə, o da haqlıdır.
Əvvəlki bənzər hadisələr barədə mətbuatda kifayət qədər məlumatlar mövcuddur. Son döyüş əməliyyatı barədə isə bəzi təhlillərimi isə qeyd etmək istəyirəm. ABŞ prezidentinin xəbərdarlıqlarına baxmayaraq Venesuelanın nə quru qoşunları, hə hərbi dəniz qüvvələri, nə hərbi hava və hava hücumlarından müdafiə qoşunları, nə digər güc strukturları, nə xüsusi xidmət orqanları, nə də digər təhlükəsizlik orqanları ABŞ hücumlarının qarşısını almaq üçün hazır olmayib. Prezident Maduronun rəqiblərinə qarşı səsləndirdiyi bəyanatlari boş sözlərdən ibarət olduğu da hamıya məlum oldu.
Əməliyyatın və onun nəticələrinin siyasi aspektlərinə dərindən toxunmaq istəmirəm. Amma bir detal diqqəti cəlb edir. Yerli əhali Maduronun həbsinə etiraz etmədi, əksinə İraq, Liviya, Əfqanlstan və Suriyada olduğu kimi uzun illər alqışladığı ölkə rəhbərinin ABŞ tərəfindən cəzalandırılmasına dəstək verdi, Maduronun şəkili olan plakatları dərhal söküb dağıtdı. Səbəb isə budur: Əhali Maduronun fəaliyyətindən bezmişdi.
Əməliyyatın hərbi aspektinə isə mediada yayılan son videomateriallara və açıq mənbələrdə mövcud olan məlumatlara əsaslanaraq bir qədər dərindən baxaq. İlk olaraq ABŞ aviasiyasının Venesuelanın Rusiyadan əldə etdiyi hava hücumundan müdafiə sistemlərini hədəfə alaraq əvvəlcə onları zərərsizləşdirdiyini deyə bilərik. Venesuela HHM qoşunları üçün Rusiyadan S-300VM “Antey-2500” (SA-23 Gladiator/Giant) uzaqmənzilli, “Buk-M2E” orta mənzilli və “Peçora-2M” (S-125 modernləşdirilməsi) daxil olmaqla, cox esalonlu hava hücumundan müdafiə sistemləri əldə etmisdi. Rusiyalı müşavir və məsləhətçilər sistemin Venesuelada inteqrasiyasını və heyətlərin təlimlərini də həyata keçirmişdi.
Əməliyyatların gedişi onu göstərir ki, paytaxt Karakas səmasını 200-250 kilometr məsafədən qorumalı olan Rusiya istehsalı S-300VM “Antey-2500” hava hücumundan müdafiə sistemi döyüşə hazır vəziyyətə gətirilməyib. Böyük ehtimalla bu zenit raket kompleksinin tərkibinə daxil olan radiolokasiya stansiyasının əvvəlcə ABŞ hərbi hava qüvvələrinin REM vasitələri ilə “kor” edilib, az sonra isə kompleks sıradan çıxarılıb. Venesuelanin S-300 komplekslərinin yerləşdiyi “La Karlota” aviaazasına dəqiq idarə olunan sursatlarla zərbə endirilməsi ehtimalı da boyukdur. Rusiyanın “Pantsir S1” zenit raket kompleksləri də öz funksional vəzifələri çərçivəsində ABŞ HHQ-nin “Chinok” və “Apache” helikopterlərinə atəş açmayıb. Mövcud videomateriallardan paytaxt səmasında ABŞ helikopterlərinin cəzasızlıq mühitində və aşağı hündürlükdə döyüş vəzifələrini asanlıqla icra etdiyi görünür. Maduro və onun həyat yoldaşı ölkədən helikopterlə çıxarılıb.
Bütün bunlar Venesuela HHM qoşunlarının çox qısa müddət ərzində və döyüşə hazırlıq vəziyyətinə keçməzdən əvvəl zərərsizləşdirildiyini iddia etməyə əsas verir. Nəticədə 3 saat ərzində ABŞ tərəfindən Venesuelanın təhlükəsizlik sistemi tamamilə iflic vəziyyətinə salınıb, ölkə rəhbəri və onun həyat yoldaşı yataq otağında əsir götürülərək Amerikaya aparılıb. Amma ölkədə kimsə, o cümlədən vitse prezident Maduronun nə vaxt, hansı vasitə ilə, kim tərəfindən və hara aparılması barədə məlumata malik deyil. Dünyada belə bir səviyyədə, belə bir biabırçılıq olmamışdı.
Rusiyanın HHM sistemlərindən başqa Venesuelada T-72 tankları, “Su-30” qırıcıları, Fransanın AMX-30 tankları, ABŞ istehsalı F-16 qırıcıları da var idi. Paytaxta yaxın ərazidə 5 diviziya, 2 əlahiddə briqada, prezident qvardiyasının 1 alayı yerləşirdi. Venesuela ordusunun quru qoşunlarında 270 orta və yüngül tankı, 320 zirehli personal daşıyıcısı və zirehli texnikası, 350 artilleriya sistemi, 4 zenit-raket kompleksi, hərbi hava qüvvələrinin 110 döyüş və təxminən 140 nəqliyyat/dəstək təyyarəsi və 45 helikopteri, hərbi dəniz qüvvələrinin 15 döyüş gəmisi, 55 qayığı və səkkiz dəstək gəmisi, eləcə də üç dəniz aviasiya eskadrilyası niyə prezidenti Maduronu qoruya bilmədi və ya qorumaq istəmədi? Venesuelada prezidentinin təhdid dövrundə gücləndirilən şəxsi mühafizəsi və geniş tərkibə malik qvardiyası harda idi? Mən “Global Firepower” reytinqinə tam etibar etmirəm, amma istinad edəcəyim başqa mənbə mövcud deyil. Bu mənbəyə görə 2025-ci ildə 120 minlik şəxsi heyətə malik Venesuela ordusu hərbi güc reytinqində 160 ölkə arasında 50-ci yerdə (Latın Amerikası ölkələri arasında yeddinci yerdə) qərarlaşıb. Lakin bu orduda ölkə ərazisinə qanunsuz olaraq müdaxilə edən ABŞ ordusuna atəş açan bir nəfər tapılmadı. Son 80 ilin tək qalib Azərbaycan Ordusu ilə ərazisinə müdaxilə edən düşmənə bir güllə atmayan Venesuela ordusunu eyni səviyyədə qiymətləndirən “Global Firepower” reytinqinə həm də buna görə etibar etmirəm.
Bütün bunlar bir daha göstərir ki, ölkənin təhlükəsizliyini təmin etmək üçün tədbirlər kompleks şəkildə həyata keçirilməlidir. Peşəkar kadrların hazırlığı, onların müxtəlif təlimlərdə ən mürəkkəb və gözlənilməz ssenarilər üzrə döyüş məşqlərinin keçirilməsi, qoşun növləri arasında uzlaşdırmanın və qarşılıqlı əlaqənin təşkili, silahlanmada mövcud olan arsenalın döyüşə hazır vəziyyətdə saxlanılması, təhdid dövründə döyüş növbətçiliyinin gücləndirilməsi nə qədər vacibdir. Bütün baş verənlər göstərir ki, N.Maduronun ölkənin təhlükəsizliyi üçün verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü xarakterli olub. Venesuela ordusu isə bundan sonra əbədi olaraq bu “qara ləkə” ilə mövcudluğunu davam etdirməli olacaq.
Ədalət VERDİYEV,
Hərbi ekspert

media-adspc

Bənzər xəbərlər