Dünyada bu il satılan avtomobillərin təxminən 30 faizi elektrikli olacaq
Beynəlxalq Enerji Agentliyi (IEA) dünya üzrə elektrikli nəqliyyat vasitələri və şarj infrastrukturu bazar dinamiklərini təhlil edən illik “Qlobal Elektrikli Avtomobil Görünüşü” hesabatını yayımlayıb.
ERAmedia xəbər verir ki, hesabatda ABŞ–İsrail–İran münaqişəsindən sonra Hörmüz boğazında ticarət axınının demək olar ki, dayanması ilə yaranan enerji böhranının elektrikli avtomobil bazarına təsirləri də araşdırılıb.
Hesabata əsasən, 2025-ci ildə qlobal elektrikli avtomobil satışları illik müqayisədə 20 faiz artaraq 20 milyon ədədi keçib və ötən il satılan yeni avtomobillərin 25 faizini təşkil edib. Dünyada təxminən 40 ölkədə elektrikli avtomobillərin ümumi satışlardakı payı 10 faizə çatıb.
Çin ötən il satılan elektrikli avtomobillərin 60 faizini təmin edib. Avropa və Şimali Amerika istehsalçıları isə qlobal elektrikli avtomobil istehsalında hər biri təxminən 15 faiz paya sahib olub.
Çin və ABŞ-də aparılan siyasət dəyişiklikləri səbəbindən cari ilin ilk yarısında qlobal satışlar illik müqayisədə 8 faiz azalıb. Buna baxmayaraq, Avropada satışlar 30 faiz, Çin istisna olmaqla Asiya ölkələrində 80 faiz, Latın Amerikasında isə 75 faiz artıb.
Təxminən 90 ölkədə mart ayında elektrikli avtomobil satışlarında artım qeydə alınıb və bu ölkələrin 30-da rekord göstəricilər əldə olunub. Artımın əsas səbəblərindən biri Hörmüz boğazındakı gərginlikdən sonra dünya bazarında yanacaq qiymətlərinin kəskin bahalaşması fonunda alternativ nəqliyyata tələbin artmasıdır.
Proqnozlara görə, bu il dünyada satılan bütün avtomobillərin təxminən 30 faizini elektrikli avtomobillər təşkil edəcək və ümumi satış həcmi 23 milyona çatacaq. Enerji böhranının fonunda elektrikli avtomobillərin əsas bazarlarda daha da güclənəcəyi gözlənilir.
IEA hesablamalarına görə, 2035-ci ilə qədər əlavə ciddi siyasət dəyişiklikləri olmasa belə, qlobal elektrikli avtomobil parkı 80 milyon səviyyəsindən 510 milyona yüksələcək.
IEA-nın rəhbəri Fatih Birol bildirib ki, elektrikli avtomobillərə marağın artması avtomobil bazarını və enerji sistemini ciddi şəkildə dəyişir və hazırkı enerji böhranı dövründə neft bazarında müəyyən təzyiqi azaldır. Onun sözlərinə görə, batareya qiymətlərinin enməsi və enerji böhranına qarşı mümkün siyasət addımları bu bazarın artımını daha da sürətləndirəcək.
Vüsalə










