Dünyada bu xəstəlik sürətlə yayılır: 1,7 milyard insan risk altındadır
Yeni qlobal meta-analizin nəticələri göstərir ki, dünyada hipertoniyanın yayılması regional fərqlər fonunda artmaqda davam edir.
ERAmedia xəbər verir ki, 2000–2020-ci illəri əhatə edən və 119 ölkədən 6 milyondan çox yetkin insanın məlumatları əsasında aparılan araşdırmaya görə, 2020-ci ildə təxminən 1,7 milyard insan yüksək arterial təzyiqdən əziyyət çəkib. Bu isə dünya üzrə yetkin əhalinin təxminən 33 faizinə bərabərdir.
Araşdırmanın nəticələri “Journal of the American College of Cardiology” jurnalında dərc olunub.
Tədqiqat göstərib ki, son 20 ildə regionlar arasında ciddi fərqlər müşahidə edilib. Yüksək gəlirli ölkələrdə yaş üzrə hipertoniyanın yayılması təxminən 2–3 faiz azalsa da, aşağı və orta gəlirli ölkələrdə əksinə, təxminən 6 faiz artım qeydə alınıb.
Mütəxəssislərin fikrincə, bu artım əsasən inkişaf etməkdə olan ölkələr hesabına baş verib və nəticədə hipertoniya xəstələrinin sayı yüz milyonlarla artıb.
Tədqiqat müəllifləri vurğulayıblar ki, 2000–2020-ci illər ərzində bəzi regionlarda diaqnostika və müalicə sahəsində irəliləyişlər əldə olunsa da, dünyada hipertoniya xəstələrinin ümumi sayı davamlı şəkildə artıb.
Bununla yanaşı, arterial təzyiqə nəzarətin hələ də yetərli olmadığı qeyd edilir. Belə ki, insanların əhəmiyyətli hissəsi ya xəstəliyindən xəbərsizdir, ya da adekvat müalicə almır.
Araşdırma müəllifləri hesab edirlər ki, hipertoniya dünyada vaxtından əvvəl ölüm üçün qarşısı alına bilən əsas risk faktorlarından biri olaraq qalır və xüsusilə resursları məhdud ölkələrdə profilaktik proqramların gücləndirilməsi, həmçinin müalicəyə əlçatanlığın artırılması vacibdir.
Vüsalə









