Əcnəbilərin ölkədə qalma müddətinin onlayn uzadılmasında YENİLİK
Azərbaycan Respublikasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətinin uzadılması ilə bağlı xidmət tam elektronlaşdırılıb.
ERAmedia xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.
O, qeyd edib ki, yeni qaydalara əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda müvəqqəti olma müddətinin (viza müddəti, vizasız rejimlə ölkəyə daxil olduqda isə 90 və ya 30 gün) uzadılması üçün artıq elektron qaydada müraciət edə biləcəklər:
“Yeniliyə əsasən, müvəqqəti olma müddətinin uzadılması barədə qərar bundan sonra kağız daşıyıcıda deyil, elektron sənəd formasında təqdim olunacaq. Dövlət rüsumu ödənildikdən sonra qərar müraciət sahibinin myGov portalındakı elektron kabinetinə yerləşdiriləcək, eyni zamanda onun elektron poçt ünvanına göndəriləcək. Bununla yanaşı, xidmətdən əvvəlki kimi fiziki qaydada müraciət etməklə də istifadə etmək mümkün olacaq. Məlumata görə, indiyədək kağız daşıyıcıda verilmiş və qüvvədə olan qərarlar üzərində göstərilən müddətin sonunadək hüquqi qüvvəsini saxlayacaq.
Qanunvericiliyə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadıla bilər:
təcili müalicəyə ehtiyac yarandıqda;
Azərbaycanda yaşayan yaxın qohum ağır xəstələndikdə və ya vəfat etdikdə;
valideyninin, həyat yoldaşının, övladının, qardaşının və ya bacısının müvəqqəti olma müddəti uzadıldıqda;
xidməti zərurətlə ölkəyə gəlmiş əcnəbinin işlərinin başa çatdırılmaması ilə bağlı onu dəvət edən təşkilat əsaslandırılmış vəsatət təqdim etdikdə;
tranzit keçid zamanı məcburi dayanma hallarında.
Yeni tətbiqin əcnəbilər üçün xidmətlərin daha operativ və şəffaf göstərilməsinə, həmçinin sənəd dövriyyəsinin sadələşdirilməsinə xidmət edəcəyi gözlənilir”.









