media-asif_maharammov

1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olan Asif Yusif oğlu Məhərrəmov 1969-cu ildə Ağdam şəhər 1 nömrəli orta məktəbini bitirib. Onun “Fred” ləqəbi isə hələ yeniyetmə yaşlarından formalaşıb.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Asif Məhərrəmov dəfələrlə “Birinci vur, Fred” adlı fransız filminə baxar, dostları isə onun döyüşkən xarakterini filmin baş qəhrəmanına bənzədərək “Fred” deyə müraciət edərdilər. “Fred” sözünün hərfi mənasının “sədaqətli dost” olması da onun xarakteri ilə səsləşirdi.

Zaur Əliyev qeyd edib ki, Asif Məhərrəmovun həyatında diqqət çəkən məqamlardan biri Milli Qəhrəman adına münasibəti olub. Onun sözlərinə görə, 1992-ci il dekabrın 7-də Prezident Əbülfəz Elçibəy tərəfindən Milli Qəhrəman adına layiq görülsə də, Fred Asif həmin adı qəbul etməkdən imtina edib. O, bu qərarını belə əsaslandırıb: “Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq”.

Tarixçi bildirib ki, 1993-cü il iyulun 17-də, Ağdamın işğalından cəmi altı gün əvvəl Prezident Heydər Əliyev Asif Məhərrəmovu ayrıca qəbul edərək onunla üç saata yaxın söhbət aparıb. Dövlət başçısı ona Almaniyada yüksək səviyyəli müalicə təklif etsə də, Fred Asif bundan imtina edərək, “Məndən narahat olmayın, özüm-özümü müalicə edərəm, siz torpaqların müdafiəsi və azad edilməsinə çalışın, bu, bizə hər şeydən vacibdir”, – deyə cavab verib.

Zaur Əliyevin sözlərinə görə, Fred Asif 1991-ci il noyabrın 15-də yaratdığı “Haqq Cəbhəsi” batalyonunda digər üç qardaşı ilə birlikdə döyüşüb və onların hər biri müxtəlif dərəcəli yaralar alıb. Ermənilər arasında qorxu yaradan bu batalyonun iki döyüşçüsü Milli Qəhrəman adına, beş nəfəri isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

Tarixçi vurğulayıb ki, Fred Asif hər döyüşdən əvvəl “Ya Seyidlazım ağanın cəddi, mənim atdığım mərmilər nə uşağa, nə qadına dəyməsin!… Atəş!” sözlərini söyləyər, mülki insanların zərər görməməsini xüsusi olaraq diləyərdi.

Onun sözlərinə görə, Fred Asifin rəhbərlik etdiyi batalyon 1992-ci ildə Füzulinin işğalının qarşısının alınmasında mühüm rol oynayıb. Ermənilərin qəfil hücum planı barədə əldə edilən məlumat əsasında “Qrad” yaylım atəşi ilə düşmənin mövqeləri darmadağın edilib və hücum planı pozulub.

Zaur Əliyev bildirib ki, Asif Məhərrəmov peşəkar hərbçi olmasa da, təşkilatçılıq bacarığı, döyüş hazırlığı və cəsarəti nəzərə alınaraq birbaşa polkovnik-leytenant rütbəsi alıb. O qeyd edib ki, döyüş yoldaşlarının xatirələrinə görə, Fred Asif yemək paylanarkən həmişə hamıdan sona qalar, bütün əsgərlərin doyduğuna əmin olduqdan sonra özü süfrə arxasına keçərdi.

Tarixçi əlavə edib ki, cəbhədə ermənilər onun əsl adından çox “Fred” ləqəbini tanıyırdılar. Radiodanışıqlarda bu ad səslənən kimi onun rəhbərlik etdiyi istiqamətdə xüsusi ehtiyat tədbirləri görülürdü. Çünki Fred Asifin batalyonu çevikliyi və uğurlu taktiki gedişləri ilə seçilirdi.

Zaur Əliyevin sözlərinə görə, Fred Asifin idarə etdiyi “QAZ-66” markalı hərbi avtomobil də döyüşçülər arasında əfsanəyə çevrilmişdi. Həmin maşın dəfələrlə atəşə tutulsa da, o, hər dəfə sağ-salamat döyüş mövqelərindən çıxmağı bacarırdı. Əsgərlər zarafatla “Fredin maşınına güllə batmır” deyirdilər.

Tarixçi xatırladıb ki, Xocalı soyqırımından sonra “Qarabağ” futbol klubunun oyunçuları silaha sarılaraq döyüşə getmək istədiklərini Fred Asifə bildiriblər. Lakin o, buna etiraz edərək deyib: “Mən döyüş üçün 11 min insan taparam, amma 11 futbolçu tapa bilmərəm ki, “Qarabağ”ın heyətində oynasın. Kişiliyiniz çatırsa, ev oyununuzu məhz Ağdamda oynayın. Ağdamda futbol yaşadıqca ermənilər də biləcək ki, Ağdam yaşayır”.

Zaur Əliyev vurğulayıb ki, Fred Asif əsgərlərinə daim vətən sevgisi və torpağa bağlılıq hissi aşılayırdı. O, döyüşçülərinə belə deyərdi: “Ay uşaqlar, bilin, bu torpaqdan başqa bizə yer yoxdu! Qeyrət də, namus da, xətir-hörmət də, qarasaqqal da, ağsaqqal da bu torpaqdadı! Bu torpaqdan o yana çıxdınız, hamısını itirəcəyik”.

Tarixçinin fikrincə, Asif Məhərrəmovun həyat yolu göstərir ki, onun üçün ən böyük mükafat vətənin müdafiəsi, xalqına xidmət və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə olub. Məhz bu səbəbdən Fred Asif həm döyüş yoldaşlarının, həm də Azərbaycan cəmiyyətinin yaddaşında prinsipial, mərd və fədakar komandir kimi yaşayır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər