Əhalinin xərcləri artır: Pul daha çox nəyə gedir? - Deputat AÇIQLADI
2026-cı ilin ilk rübündə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927 milyon manatlıq mal satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artım deməkdir.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bu artım ümumi istehlak aktivliyinin davam etdiyini göstərir və xərclərin strukturunda müəyyən dəyişikliklər müşahidə olunur.
O bildirib ki, vətəndaşlar ənənəvi olaraq gəlirlərinin böyük hissəsini ərzaq məhsullarına yönəltməkdə davam edirlər.
Deputat qeyd edib ki, hesabat dövründə istehlakçılar tərəfindən 8 milyard 774 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyard 152 milyon manatlıq isə qeyri-ərzaq malları alınıb. Bu isə o deməkdir ki, ümumi xərclərin təxminən 55 faizi ərzaq məhsullarının payına düşür.
Vüqar Bayramov vurğulayıb ki, artım templərinə baxdıqda qeyri-ərzaq mallarında daha yüksək dinamika müşahidə olunur. Belə ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak 1,3 faiz artdığı halda, qeyri-ərzaq mallarında artım 6,6 faiz təşkil edib.
Deputatın sözlərinə görə, bəzi sahələrdə xüsusilə kəskin artım qeydə alınıb. “Kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərclər 32,6 faiz artıb. Bu, rəqəmsallaşma və texnologiyaya tələbatın gücləndiyini göstərir. Digər tərəfdən, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə xərclər 25,4 faiz artıb”, – deyə o əlavə edib.
Vüqar Bayramov hesab edir ki, dərman preparatlarına xərclərin artması yalnız tələbin yüksəlməsi ilə deyil, həm də qiymətlərin bahalaşması ilə bağlıdır. Onun fikrincə, bu tendensiya sosial və iqtisadi baxımdan diqqətlə izlənilməlidir.
Vüsalə










