media-w_16178473639458548733_1200x630

XIX əsrin sonlarında nəşrə başlayan “Əkinçi” qəzeti təkcə Azərbaycanda deyil, bütün Qafqazda böyük maraq və əks-səda doğurub. Milli maarifçilik hərəkatının əsas dayaqlarından birinə çevrilən qəzetin yazarı, naşiri və redaktoru görkəmli təbiətşünas-alim Həsən bəy Zərdabinin təşəbbüsü ilə başlayan maarifçilik missiyasına dövrün digər qabaqcıl ziyalıları da qoşulublar. Onların birgə səyi nəticəsində “Əkinçi” qəzeti tez bir zamanda milli oyanışın, maarifçilik ideyalarının təbliğ olunduğu mühüm tribunaya çevrilib. Cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi”nin ömrü qısa olsa da, Azərbaycan milli mətbuatının tarixində silinməz iz qoyub.

ERAmedia xəbər verir ki, bunu AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Dağbəyi İsmayılov bildirib ki, milli mətbuatımız keçdiyi uzun və şərəfli inkişaf yolunda müxtəlif ictimai-siyasi dövrlərin sınaqlarından uğurla çıxaraq bugünkü inkişaf mərhələsinə yüksəlib: “Müstəqillik illərində mətbuatın inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi əhəmiyyət kəsb edir. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, peşəkar medianın formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb. Onlardan ən vacibi 1998-ci ildə senzuranın ləğv edilməsi olub. Bu mühüm qərar milli mətbuatın inkişaf tarixində yeni mərhələnin əsasını qoyub. Ümummilli Lider Heydər Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması, medianın inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu gün milli mətbuatımız qlobal informasiya məkanına daha sıx inteqrasiya olunaraq müasir media mühitinin ayrılmaz tərkib hissəsinə çevrilib”.

İdarə Heyəti sədrinin müavini vurğulayıb ki, Azərbaycan mediası 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək operativ və obyektiv məlumatların ictimaiyyətə çatdırılmasında, dezinformasiyaya qarşı mübarizədə və Qarabağ həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında mühüm rol oynadı. Postmüharibə dövründə də milli mətbuat Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sülh gündəliyi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və “Böyük Qayıdış” Proqramı barədə informasiyaların ölkə və dünya ictimaiyyətinə çatdırılması işinə mühüm töhfələr verir.


media-adspc

Bənzər xəbərlər