Ekspert: “Həbs qərarı tələbənin təhsilinə ağır zərbə vuracaq”
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkilməsi ilə bağlı saxlanılan şəxslər barədə seçilmiş həbs qətimkan tədbiri ictimai müzakirələrə səbəb olub.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin sabiq deputatı, təhsil eksperti Etibar Əliyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, hadisə yalnız fərdi davranış deyil, həm də təhsil və tərbiyə sistemindəki boşluqların nəticəsidir. Onun sözlərinə görə, müxtəlif məktəblərdə və ali təhsil müəssisələrində oxuyan gənclərin bu cür hərəkətlərə yol verməsi onların məktəbdənkənar fəaliyyətlərinə nəzarətin zəif olduğunu göstərir.
Ekspert qeyd edib ki, xüsusilə özəl təhsil müəssisələrində təhsil haqlarının yüksək olmasına baxmayaraq, tərbiyə komponenti yetərincə ön planda deyil. O vurğulayıb ki, bəzi hallarda valideynlər övladlarının davranışına deyil, yalnız akademik nəticələrinə diqqət yetirirlər.
Etibar Əliyev əlavə edib ki, inkişaf etmiş ölkələrin, o cümlədən Finlandiya təhsil modelində dərsdənkənar nəzarət mühüm yer tutur: “Bu ölkədə minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir və onların əksəriyyəti gənclərin düzgün istiqamətləndirilməsinə xidmət edir. Bizdə isə bu istiqamətdə boşluqlar açıq şəkildə hiss olunur”.
O, həmçinin bəzi ictimai platformaların və əyləncə layihələrinin yeniyetmələrə təsirinə də toxunub. Ekspertin fikrincə, TikTok kimi sosial şəbəkələr və yerli əyləncə məzmunları gənclərin davranış modelinə təsirsiz ötüşmür və bu təsir hər zaman müsbət olmur.
Hadisə ilə bağlı seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirən Etibar Əliyev hesab edir ki, bu qərar daha yumşaq tədbirlə əvəz edilə bilərdi: “Tələbə üzr istəyib və vurduğu ziyanı ödəməyə hazırdırsa, onun cərimələnməsi və ya alternativ tədbirlərin tətbiqi daha məqsədəuyğun olardı. Həbs qərarı isə onun təhsilinə ciddi zərbə vurur”.
Ekspert sonda qeyd edib ki, təhsil sistemində tərbiyə komponentinin gücləndirilməsi, məktəb və universitetlərdə gənclərlə işin daha sistemli qurulması bu kimi halların qarşısının alınması üçün vacibdir.
Vüsalə









