media-digital-transformation-1920w

Azərbaycanda rəqəmsal transformasiya istiqamətində müəyyən edilmiş tapşırıqların icrasında gecikmələrin müşahidə olunması narahatlıq doğurur.

ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, təxminən 3 ay əvvəl Prezident yanında ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm müşavirə keçirilib və bu istiqamətdə ciddi tapşırıqlar verilib.

Onun sözlərinə görə, rəqəmsal inkişafla bağlı qəbul edilən Fəaliyyət Planında nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul müavinlərin müəyyənləşdirilməsi də nəzərdə tutulub. Planda bu tapşırığın icrası üçün son müddət kimi 2026-cı ilin iyun ayı müəyyən edilib.

“Artıq icra müddətinin başa çatmasına cəmi bir ay qalsa da, bu istiqamətdə ciddi irəliləyiş görünmür. Adında “rəqəmsal”, “süni intellekt” olan proseslərdə gecikmək, hətta ləngimək belə yolverilməzdir. Burada söhbət formal vəzifədən deyil, yeni idarəetmə modelindən və real transformasiya proseslərini sürətləndirəcək konkret cavabdehlikdən gedir”, – deyə Osman Gündüz vurğulayıb.

O qeyd edib ki, hər keçən gün və ay ölkənin rəqəmsal inkişaf tempinə və rəqabətədavamlılığına mənfi təsir göstərir. Onun fikrincə, hazırda ölkədə bu sahədə formalaşmış peşəkar kadr potensialı mövcuddur.
“Bir sıra nazirliklərdə, agentliklərdə və özəl sektorda çalışan mütəxəssislər var ki, onlar dərhal rəqəmsal müavin kimi fəaliyyətə başlayaraq ciddi fayda verə bilərlər. Bu şəxslər yalnız texniki biliklərə malik deyillər, eyni zamanda böyük rəqəmsal layihələri idarə etmiş peşəkar menecerlərdir”, – deyə o bildirib.

Osman Gündüz xüsusilə vurğulayıb ki, bəzi dövlət qurumlarında illərdir bu istiqamətdə çalışan, real nəticələr əldə etmiş və sistemi dərindən bilən peşəkar kadrlar var və onların təyinatı qısa müddətdə real nəticələr verə bilər.

O, region ölkələrinin rəqəmsal iqtisadiyyat, startap ekosistemi və xüsusilə süni intellekt sahəsində sürətlə irəlilədiyini də diqqətə çatdırıb.
“Qonşu ölkələr artıq bu sahələr üzrə konkret cavabdeh strukturlar və şəxslər formalaşdırıblar. Müasir çağırışlara uyğun idarəetmə modelləri qurulub və nəticədə qısa müddətdə süni intellekt sahəsində milyard dollarlıq startaplar yaranmağa başlayıb”, – deyə forum rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Prezidentin irəli sürdüyü yeni idarəetmə modelinin tətbiqinin gecikdirilməsi artıq strateji riskə çevrilir və proseslər sürətləndirilməlidir.

Osman Gündüz hesab edir ki, Prezidentin Fərmanı ilə yaradılmış Rəqəmsal İnkişaf Şurası ilə rəqəmsal müavinlərin koordinasiyalı fəaliyyəti təmin olunarsa, bu model qısa zamanda ciddi nəticələr verə bilər.

O əlavə edib ki, Şuranın Katibliyi funksiyasını həyata keçirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə səylərini daha da gücləndirməlidir və cəmiyyətdə nazirlikdən gözləntilər böyükdür.

Vüsalə


media-adspc

Bənzər xəbərlər