Ekspert: Rəqəmsal transformasiyada sürətli icra həlledici olacaq
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib və bu toplantı ölkədə rəqəmsal transformasiya sahəsində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Şuranın yaradılmasından təxminən dörd ay sonra keçirilən ilk iclas uzun müddətdir sektorun böyük maraqla gözlədiyi hadisə idi.
Ekspertin sözlərinə görə, son aylarda müşahidə olunan ləngimələr, qərarların və razılaşdırmaların uzanması, iri rəqəmsal layihələrin azalması, eyni zamanda region ölkələrinin süni intellekt və rəqəmsal iqtisadiyyat sahəsində sürətlə irəliləməsi fonunda Şuraya gözləntilər kifayət qədər böyükdür.
Osman Gündüz qeyd edib ki, Şuranın tərkibində Prezidentin köməkçilərinin, bir neçə nazirin və Mərkəzi Bank rəhbərliyinin təmsil olunması, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın Şuraya rəhbərlik etməsi bu gözləntiləri daha da artırır.
Onun sözlərinə görə, iclasda təqdim olunan məlumatlardan məlum olub ki, 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı çərçivəsində 58 təşəbbüs müəyyən edilib, 40 dövlət qurumu üzrə yol xəritələri hazırlanıb və onların bir hissəsi artıq təsdiqlənib və ya təsdiq mərhələsindədir. Süni intellekt, kibertəhlükəsizlik, innovasiya ekosistemi, Milli Məlumat Hövzəsi, Hökumət Buludu, myGov platformasının genişləndirilməsi və qanunvericilik islahatları əsas prioritetlər kimi müəyyənləşdirilib.
“Bütün bunlar, şübhəsiz ki, müsbət siqnallardır. Amma etiraf etməliyik ki, sektor artıq bir neçə aydır gözləmə rejimindədir. İlin yarısı geridə qalıb. Fəaliyyət Planı təsdiqlənib, yol xəritələri hazırlanıb. Lakin bazar hələ də bunun real nəticələrini hiss etmir. İri rəqəmsal layihələrin, yeni tenderlərin və maliyyələşmə proseslərinin başlaması ləngiyir”, – deyə ekspert vurğulayıb.
Osman Gündüz bildirib ki, hazırda İT bazarında fəaliyyət göstərən bir çox şirkət üçün əsas problem ideya və potensialın olmaması deyil, layihələrin və sifarişlərin azalmasıdır. Onun sözlərinə görə, bəzi hallarda bazarda artıq “bir manat uğrunda rəqabət” müşahidə olunur.
Azərbaycan İnternet Forumunun rəhbəri hesab edir ki, ilk iclasın əsas nəticəsi qəbul edilən qərarların operativ və səmərəli icrasında özünü göstərməlidir. O vurğulayıb ki, Şuranın yaradılması koordinasiyanın gücləndirilməsi baxımından mühüm addımdır, lakin bu koordinasiya əlavə bürokratik mərhələlərə və uzun razılaşdırma proseslərinə çevrilməməlidir.
Osman Gündüz əlavə edib ki, katiblik funksiyasını həyata keçirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi səylərini daha da gücləndirməlidir. Onun fikrincə, rəqəmsal transformasiya çeviklik, sürətli qərarvermə və təşəbbüskarlıq tələb edir. Layihələr nə qədər tez icra olunarsa, onların iqtisadi və sosial təsiri də bir o qədər yüksək olacaq.
Ekspert sonda bildirib ki, dövlət qurumlarında rəqəmsal transformasiya layihələrinin sürətləndirilməsi, maliyyələşmə mexanizmlərinin işə düşməsi və biznes üçün yeni imkanların yaradılması artıq zərurətə çevrilib. O, ümid etdiyini ifadə edib ki, ilin ikinci yarısında dövlətin rəqəmsal layihələri, süni intellekt təşəbbüsləri, innovasiya proqramları və yerli texnologiya şirkətləri üçün yeni imkanlar daha sürətlə reallaşacaq.










