Ekspertdən ÇAĞIRIŞ: Dövlət sifarişlərində rəqabət artırılmalıdır
Dövlət Vergi Xidməti 2025-ci ildə ən çox vergi ödəyən 100 qurumun siyahısını açıqlayıb. Siyahının açıqlanması şəffaflıq və hesabatlılıq baxımından mühüm addım kimi qiymətləndirilir.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu siyahını təhlil edərək texnologiya sektorunun payı ilə bağlı diqqətçəkən məqamları açıqlayıb.
Onun sözlərinə görə, 2024-cü illə müqayisədə TOP-100-də yer alan texnologiya və telekommunikasiya şirkətlərinin sayı azalıb. Belə ki, ötən il siyahıda təxminən 12 İT və telekom şirkəti olduğu halda, 2025-ci ildə bu rəqəm 8-ə düşüb. Ekspert hesab edir ki, bu azalma yüz milyonlarla manat dövlət sifarişləri alan sektorun real iqtisadi çəkisi ilə bağlı ciddi suallar doğurur.
Osman Gündüz bildirib ki, 2025-ci ildə ən çox vergi ödəyən texnoloji şirkətlər arasında Azercell (115.7 mln manat), Azerconnect Group (81.2 mln manat), ABC-Telecom (40.1 mln manat), Caspian Tech (39.8 mln manat), Bakcell (26.5 mln manat), Bestcomp Group (17.5 mln manat), Delta Telekom (17.0 mln manat) və AzerTelekom (15.5 mln manat) yer alır. Onun fikrincə, bu göstəricilər sektorun əsas yükünün yenə mobil operatorlar və infrastruktur provayderlərinin üzərində qaldığını göstərir.
Ekspert qeyd edib ki, dövlət sifarişləri əsasında fəaliyyət göstərən bir çox klassik sistem inteqratorları və İT şirkətləri TOP vergi ödəyiciləri sırasında görünmür. Bu isə dövlət resurslarının hələ də güclü və rəqabətli İT sektoruna çevrilmədiyini göstərir.
Müqayisə üçün 2024-cü ilin göstəricilərinə diqqət çəkən Osman Gündüz bildirib ki, həmin il Azercell (127.6 mln manat), Bakcell (41.8 mln manat), Nar (25.8 mln manat), Azerconnect Group (23.1 mln manat), Delta Telekom (19.5 mln manat), SAP (16.8 mln manat), İrşad (14.3 mln manat), MPay (13 mln manat), BestComp (12.5 mln manat) və AzInvest Telecom (11.6 mln manat) kimi şirkətlər siyahıda yer alıb.
Onun sözlərinə görə, müqayisə zamanı bir neçə mühüm detal ortaya çıxır. Belə ki, BestComp-un ödədiyi vergi 5 milyon manat artaraq 17.5 mln manata çatıb və şirkətin son dövrlərdə xarici bazarlara və startaplara yönəldiyi müşahidə olunur. Eyni zamanda, Delta Telekom-un vergi ödənişləri azalıb və AzerTelekom ona yaxın göstərici ilə TOP-100-ə daxil olub. Ekspert bunu bazarda struktur dəyişiklikləri, o cümlədən AzTelekom-un müstəqil fəaliyyətə başlaması ilə əlaqələndirib.
Osman Gündüz əlavə edib ki, qiymət artımları ilə seçilən Azercell-in gəlirləri artsa da, vergi ödənişlərinin azalması da diqqət çəkən məqamlardandır.
Ekspert hesab edir ki, İT sektorunda vergi ödəyicilərinin sayının və həcminin azalmasında bəzi dövlət qurumlarının siyasəti də rol oynayıb. Onun fikrincə, iri İT şirkətlərin texnopark rezidentliyinə cəlb olunması və geniş vergi güzəştləri bu mənzərəyə təsir göstərir. Bununla yanaşı, bu güzəştlərin qarşılığında ekosistemə, ixraca və məhsul yaradılmasına ciddi töhfələrin hələ müşahidə olunmadığı vurğulanır.
Sonda Osman Gündüz hökumətə çağırış edərək bildirib ki, dövlət sifarişlərində real rəqabət təmin edilməli, ixracyönümlü İT şirkətlərə dəstək artırılmalı, startap və KOB-ların dövlət layihələrinə çıxışı genişləndirilməlidir. O, həmçinin məhsul yaradan şirkətlərin stimullaşdırılmasının vacibliyini qeyd edib.
Ekspert əlavə edib ki, Dövlət Vergi Xidmətinin “Google vergisi” çərçivəsində Google, Meta, Apple, TikTok kimi qlobal platformaların Azərbaycanda ödədiyi vergiləri də açıqlaması sektordakı real mənzərəni daha aydın ortaya qoya bilər.
Vural









