media-138750

Son günlər dövlət rəqəmsal xidmətlərinin vahid platformada birləşdirilməsi prosesi ictimai müzakirələrə səbəb olub.

ERAmedia-nın məlumatına görə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu məsələ ilə bağlı açıqlamasında bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-sosial mobil tətbiqinin dayandırılması və xidmətlərin myGov üzərinə köçürülməsi ümumi mərkəzləşmə siyasətinin tərkib hissəsidir.

Onun sözlərinə görə, “2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf Fəaliyyət Planı” da məhz bu yanaşmanı nəzərdə tutur və dövlət başçısının tapşırıqlarında təkrarlanan tətbiqlərin ləğvi, xidmətlərin “bir pəncərə” prinsipi ilə təqdim olunması açıq şəkildə qeyd edilib.

Bununla belə, Osman Gündüz vurğulayıb ki, prosesin sürətləndirilməsi və risklərin açıq müzakirə olunmaması ciddi narahatlıq yaradır. Ekspert qeyd edib ki, artıq dövlət resurslarının böyük hissəsi Digital Login üzərindən işləyir və son günlər bu sistemdə baş verən nasazlıqlar bir sıra xidmətlərin əlçatan olmamasına səbəb olub.

“Bu, göstərdi ki, bir nöqtədə problem yarananda xidmətlər zəncirvari şəkildə dayanır. Əgər e-Sosial, Mobil Notariat, e-Vergi, Smart Customs, e-Təbib, e-Polis kimi sistemlər də myGov platformasında cəmləşərsə, risklər daha da artacaq”, – deyə o bildirib.

Ekspertin fikrincə, belə hallarda xidmətlərin dayanması cərimələrə, hüquqi məsuliyyətə və biznes itkilərinə gətirib çıxara bilər. O, bu kimi vəziyyətlərdə məsuliyyətin kimdə olacağı məsələsinin də açıq qaldığını qeyd edib.

Osman Gündüz hesab edir ki, myGov kimi platforma kritik infrastruktur kimi qəbul edilməli və onun təhlükəsizliyi ilə bağlı xüsusi normativ aktlar hazırlanmalıdır. Onun sözlərinə görə, auditlərin aparılması, müstəqil ekspert rəylərinin nəzərə alınması və texniki dayanıqlığın təmin olunması olmadan kütləvi miqrasiyaya başlamaq risklidir.

Ekspert əlavə edib ki, belə bir platformada yaranacaq problem minlərlə xidmətə çıxışın dayanması deməkdir ki, bu da real “xaos ssenarisi” yarada bilər. O, aidiyyəti qurumların cəmiyyətə açıq məlumat verməsinin vacibliyini vurğulayıb.

Bundan başqa, Osman Gündüz diqqətə çatdırıb ki, bəzi məlumatlara görə, İRİA myGov platformasının dəstəklənməsi üçün xarici vendorlarla, o cümlədən EPAM Systems kimi şirkətlərlə əməkdaşlıq modelinə üstünlük verə bilər. Onun fikrincə, platformada toplanan məlumatların strateji əhəmiyyətini nəzərə alsaq, bu yanaşma əlavə risklər yaradır.

“Burada artıq söhbət təkcə IT layihəsindən yox, rəqəmsal suverenlikdən gedir”, – deyə o vurğulayıb.

Sonda ekspert bildirib ki, vahid platforma ideyası strateji baxımdan doğru olsa da, alternativləri bağlamadan, dayanıqlı sistem qurulmadan və əlavə normativ baza formalaşdırılmadan bu keçidin sürətləndirilməsi riskli qərardır. O, cəmiyyətin də bu məsələdə narahat olduğunu qeyd edərək, rəsmi qurumların yaxın vaxtlarda ətraflı və əsaslandırılmış açıqlamalar verəcəyinə ümid etdiyini bildirib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər