Elektrikli avtomobillərə dəstək artır: Hansı ölkələr önə çıxır?
Avropada batareyalı elektrikli avtomobillərin satışı sürətlə artır.
ERAmedia-nın məlumatına görə, analitiklər hesab edirlər ki, İran ətrafında baş verən müharibənin təsiri ilə bahalaşan benzin qiymətləri istehlakçıları daxili yanma mühərrikli avtomobillərdən uzaqlaşdıraraq bu tendensiyanı daha da gücləndirəcək.
Avropa ölkələri uzun müddətdir elektrikli avtomobillərə keçidi təşviq edir. Lakin son enerji böhranı fosil yanacaqlardan asılılığın azaldılmasında dövlət dəstəyinin rolunu bir daha ön plana çıxarıb.
Bu sahədə ən diqqətçəkən addımlardan biri Fransada atılıb. Avropanın ikinci ən böyük iqtisadiyyatı elektrikləşməyə dəstəyini demək olar ki, iki dəfə artıraraq illik xərcləri 2030-cu ilə qədər 5,5 milyard avrodan 10 milyard avroya çatdırmağı planlaşdırır. Baş nazir Sebastyen Lekornunun 10 aprel 2026-cı il tarixində açıqladığı proqram elektrikli avtomobillər və şarj infrastrukturu üçün əlavə təşviqləri əhatə edir. Məqsəd 2030-cu ilə qədər satılan yeni avtomobillərin üçdə ikisinin elektrikli olmasıdır. Bundan əlavə, aşağı gəlirli və uzun məsafə qət edən sürücülər üçün 100 min avtomobili əhatə edən sosial lizinq proqramı nəzərdə tutulur.
Elektrikli avtomobillərin bazar payı artıq ciddi şəkildə yüksəlib. 2024-cü ildə Avropa İttifaqı bazarının 13,6 faizini təşkil edən bu avtomobillər, 2025-ci ildə 17,4 faizə, 2026-cı ilin ilk iki ayında isə 18,8 faizə çatıb.
Enerji bazarlarında baş verən dalğalanmalar fonunda Avropa ölkələri emissiyaları azaltmaq və bərpa olunan enerjini təşviq etmək məqsədilə elektrikli nəqliyyata keçidi sürətləndirir.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) son hesabatına görə, Latviya istisna olmaqla, bütün Aİ ölkələri elektrikli avtomobillər üçün müəyyən vergi güzəştləri tətbiq edir. Bununla yanaşı, proqramlar ölkələr üzrə ciddi şəkildə fərqlənir.
Hesabatda Aİ-nin 27 üzvü ilə yanaşı İslandiya, Norveç, İsveçrə və Böyük Britaniya da əhatə olunur. Məlumata görə, altı ölkədə elektrikli avtomobil alışı üçün birbaşa subsidiya mövcud deyil.
Avropa ölkələri əsasən dörd istiqamətdə təşviq təqdim edir: birbaşa alım subsidiyaları, satınalma vergisi güzəştləri, sahiblik dövründə vergi üstünlükləri və şarj infrastrukturu üçün dəstək.
Ən yüksək alım subsidiyalarını təqdim edən ölkələr arasında İtaliya seçilir. Bu ölkədə gəlir səviyyəsi və köhnə avtomobilin utilizasiyası şərti ilə 11 min avroya qədər dəstək verilir. Kiprdə bu məbləğ 9 min avroya, müəyyən qruplar üçün isə 20 min avroya qədər yüksəlir. Sloveniyada 7 200 avroya qədər, Maltada isə 6–8 min avro arası subsidiya və əlavə utilizasiya bonusu tətbiq olunur.
Almaniyada gəlirə bağlı olaraq 6 min avroya qədər subsidiya təqdim edilir. Fransada bu məbləğ proqram və gəlir səviyyəsindən asılı olaraq 5 700 avroya qədərdir. İspaniya Aİ istehsalı avtomobillər üçün 4 500 avroya, Portuqaliya isə maksimum 4 min avroya qədər dəstək verir.
Vergi təşviqləri də mühüm rol oynayır. Bu güzəştlər həm avtomobilin alınması zamanı, həm də istifadə müddətində tətbiq olunur.
Fərdi istifadəçilər üçün ən güclü vergi üstünlükləri Norveçdə qeydə alınır. Bu ölkədə 300 min Norveç kronuna qədər (təxminən 25 890 avro) ƏDV tamamilə ləğv edilib və əlavə olaraq satınalma vergisi də tətbiq edilmir. Nəticədə, 2025-ci ildə Norveçdə elektrikli avtomobillərin bazar payı 95,9 faizə çatıb.
Aİ daxilində Bolqarıstan, Kipr, Portuqaliya, Yunanıstan və Macarıstanda elektrikli avtomobillər üçün qeydiyyat və yol vergiləri tamamilə ləğv edilib. İtaliya isə 5 illik mülkiyyət vergisi güzəşti təqdim edir, Rumıniyada isə çox aşağı sabit vergi tətbiq olunur.
Almaniyada əlavə olaraq 10 illik nəqliyyat vergisi güzəşti və evdə şarj stansiyası quraşdırılması üçün dəstək mövcuddur. Qeyd olunur ki, 2023-cü ildə “Umweltbonus” proqramı dayandırıldıqdan sonra 2026-cı ilin mart ayında ölkədə elektrikli avtomobil qeydiyyatında ən yüksək aylıq göstərici qeydə alınıb ki, bu da yeni təşviqlərin təsiri ilə əlaqələndirilir.
Mütəxəssislər vurğulayır ki, maliyyə və vergi təşviqləri elektrikli avtomobillərin geniş yayılması üçün həlledici rol oynayır və hökumətlərin bu istiqamətdə atdığı addımlar bazarda dərhal öz təsirini göstərir.
ERAmedia Analtik Qrupua










