Elektron diplomlar verilməsinə başlanılıb
Azərbaycanda ali təhsil pilləsində məzunlara elektron diplomların verilməsinə başlanılıb.
ERAmedia-ya bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə, həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.
Qaydalara əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) başa vuran şəxslərə müvafiq təhsil haqqında dövlət sənədi “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılaraq təqdim edilir.
Qeyd olunub ki, artıq Bakı Dövlət Universitetinin məzunlarına elektron diplomların verilməsinə başlanılıb.
Elektron diplomlar yaxın günlərdə “mygov” rəqəmsal hökumət platforması və Elm və Təhsil Nazirliyinin rəsmi edu.gov.az internet səhifəsində məzunlar üçün əlçatan olacaq.
Hazırda digər ali təhsil müəssisələrində də elektron diplomların verilməsi prosesi mərhələli şəkildə davam etdirilir.









