Əli Əsədov paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
Oktyabrın 16-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illik yubiley tədbirlərində iştirak edən beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb.
ERAmedia-ya Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə Azərbaycanda idmanın, o cümlədən paralimpiya hərəkatının inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb, bu sahədə yaradılmış müasir infrastruktur və əldə olunmuş beynəlxalq nailiyyətlər barədə məlumat verilib.
Milli Paralimpiya Komitəsinin 30 illik fəaliyyəti ərzində Azərbaycan paralimpiyaçılarının mühüm uğurlar qazandığı diqqətə çatdırılıb.
Görüşdə beynəlxalq və milli paralimpiya komitələri ilə əməkdaşlığın genişləndirilməsinə dair məsələlər, o cümlədən beynəlxalq paraidman yarışlarının təşviqi, qarşılıqlı təcrübə mübadiləsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri müzakirə olunub.









