Əlilliyi olan uşaqlar üçün mediatur təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib.
ERAmedia xəbər verir ki, media nümayəndələri müəssisədə yaradılan şəraitlə, burada yaşayan uşaqlara göstərilən xidmətlərlə yaxından tanış olublar.
Məlumat verilib ki, müəssisə 5-18 yaşlı əlilliyi olan və təhsilə cəlb olunmayan uşaqlara stasionar və yarımstasionar sosial xidmətlər göstərir. Burada sakinlər sosial-məişət, sosial-pedaqoji, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərlə təmin olunurlar. Eyni zamanda, uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində məqsədyönlü iş aparılır.
Bildirilib ki, hazırda müəssisədə 173 uşağa xidmət göstərilir.
Müəssisənin psixoloqu Könül Babaşzadə media nümayəndələrinə açıqlamasında deyib ki, uşaqlarla əsasən tətbiqi davranış, oyun, art, nağıl, qum, musiqi və əmək terapiyaları istiqamətlərində məşğələlər keçirilir. Bu fəaliyyətlərin məqsədi uşaqların sosial inteqrasiyasını dəstəkləmək, davranışlarını tənzimləmək, diqqət və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, həmçinin onların gündəlik fəaliyyətlərdə müstəqilliyini artırmaqdır.
Müəssisənin loqopedi Səbuhi Sultanov söyləyib ki, nitq qüsurlu uşaqların reabilitasiyası fərdi proqramlar əsasında həyata keçirilir. Uşaqların nitq və özünüifadə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə onların inkişaf səviyyəsinə uyğun olaraq səslərin, hecaların, söz və cümlələrin öyrədilməsi mərhələli şəkildə təşkil olunur.










