Əliməmməd Nuriyev: Prezidentin şəhid atası ilə davranışı hər kəsə örnək oldu
Prezident İlham Əliyevin Zəngilanda qəhrəman şəhid Samir Sarıyevin atası Əli müəllimlə görüşü ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Görüş zamanı dövlət başçısının nümayiş etdirdiyi səmimi münasibət və həssas davranış sosial şəbəkələrdə də geniş müzakirə olunub.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, sabiq deputat Əliməmməd Nuriyev məsələ ilə bağlı ERAmedia-ya açıqlamasında bildirib ki, dövlət davranışı məhz belə məqamlarda özünü daha aydın göstərir.
Onun sözlərinə görə, şəhid ailəsinə hörmət yalnız rəsmi tədbirlər və təltiflərlə ölçülmür:
“Yaşlı insana ehtiram da təkcə tribunadan deyilən sözlə ifadə olunmur. Bəzən bir baxış, bir davranış daha böyük məna daşıyır. Prezident İlham Əliyevin şəhid atası ilə görüşündə nümayiş etdirdiyi münasibət formal protokol davranışı deyildi. Bu, dövlətin öz şəhidinə və onun ailəsinə səmimi, həssas və duyğulu münasibətinin ifadəsi idi”.
Ə.Nuriyev qeyd edib ki, həmin görüşdə həm dövlətin öz şəhidinə sahib çıxması, həm də şəhid atasının dövlətinə olan inamı və məğrurluğu aydın şəkildə hiss olunurdu:
“Prezident bir daha göstərdi ki, şəhid ailələri bu dövlət üçün sıradan insanlar deyil. Onlar bu torpaqların hansı qiymətə geri qaytarıldığını yaxşı bilən, həmin yükü hər gün həyatında daşıyan insanlardır”.
Sabiq deputat vurğulayıb ki, dövlət başçısının davranışı cəmiyyət və məmurlar üçün də mühüm mesaj xarakteri daşıyır:
“Dövlət başçısı yaşlı insana necə yanaşırsa, məmur da onu görür. Şəhid ailəsinin yanında necə dayanırsa, cəmiyyət də bunu yadda saxlayır. Bu münasibət göstərdi ki, Azərbaycanda şəhid ailəsinə ehtiram da, ağsaqqala hörmət də təkcə milli ənənə deyil, dövlət davranışının ayrılmaz hissəsidir”.
Vural









