Əlişa qalasında yeni arxeoloji tapıntılar aşkarlandı
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun ekspedisiya qrupu Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında apardığı arxeoloji qazıntılar zamanı orta əsrlərə aid yeni maddi-mədəniyyət nümunələri, şirli və şirsiz keramika nümunələri, şüşə məmulatları, saxsı su boruları, müxtəlif formalı saxsı qab fraqmentləri və memarlıq kaşıları üzə çıxarıb.
ERAmedia-ya İnstitutdan bildirilib ki, tapıntılar arasında sqraffito (qazma) texnikası ilə işlənmiş girih naxışlı keramika parçası xüsusi elmi əhəmiyyət daşıyır. Qırmızı gildən hazırlanmış və firuzəyi şirlə örtülmüş bu nadir nümunə yerli dulusçuluq ənənələrinin yüksək inkişaf səviyyəsini nümayiş etdirməklə yanaşı, Astara bölgəsinin XII əsrin sonu – XIV əsrin əvvəllərində Səlcuq-İslam mədəni mühitinin mühüm mərkəzlərindən biri olduğunu göstərən mühüm arxeoloji dəlil hesab olunur. Qazıntılar əsasən qalanın giriş hissəsində aparılıb və ümumilikdə 300 kvadratmetr ərazini əhatə edib.
Tədqiqatlar zamanı, həmçinin tünd göy, mavi və tünd qəhvəyi rənglərlə işlənmiş həndəsi və nəbati ornamentli şirli kaşı fraqmentləri aşkar edilib. İlkin araşdırmalar onların əsasən XIV əsrə aid olduğunu göstərib. Tapılan fraqmentlər əsasında dekorativ haşiyənin rekonstruksiyası hazırlanıb. Alimlərin qənaətinə görə, keramika və kaşı nümunələri Əlişa qalasında xüsusilə XI–XIII əsrlərdə geniş tikinti və abadlıq işlərinin aparıldığını təsdiqləyir.
Mütəxəssislər bildirirlər ki, əvvəlki illərdə aşkar olunmuş 10 ləçəkli lotos formalı daş hovuz, bu il üzə çıxarılan günbəzli tikili, inkişaf etmiş su təchizatı sistemi və digər memarlıq qalıqları birlikdə qiymətləndirildikdə, Əlişa qalasının yalnız müdafiə istehkamı deyil, həm də inzibati və yaşayış funksiyalarını yerinə yetirən, inkişaf etmiş su təsərrüfatına malik saray tipli memarlıq kompleksinin tərkib hissəsi olması ehtimalını gücləndirir. Bu ehtimalın dəqiqləşdirilməsi istiqamətində tədqiqatlar davam etdirilir.
Qeyd edək ki, Əlişa qalasında ilk sistemli arxeoloji qazıntılara 2023-cü ilin sentyabrında başlanılıb. 2023–2026-cı illərdə əldə olunan nəticələr qalanın memarlıq planı, müdafiə sistemi, su təsərrüfatı infrastrukturu və maddi-mədəniyyətinə dair yeni elmi məlumatlar təqdim etməklə Azərbaycanın orta əsr memarlığının öyrənilməsinə mühüm töhfə verir. Hazırda Əlişa qalasında arxeoloji qazıntılar davam etdirilir. Növbəti mərhələdə qala kompleksinin memarlıq planının və funksional təyinatının daha dəqiq müəyyənləşdirilməsi məqsədilə tədqiqatların genişləndirilməsi nəzərdə tutulur.










