media-anar_eminov

Mingəçevir Dövlət Universitetində elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, tədqiqatların beynəlxalq standartlara uyğun təşkili və alimlərin qlobal elmi məkanda daha geniş təmsil olunmasının təmin edilməsi universitetin inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Son illərdə bu istiqamətdə həyata keçirilən sistemli və məqsədyönlü tədbirlər universitetdə elmi mühitin əhəmiyyətli dərəcədə güclənməsinə, beynəlxalq əməkdaşlıqların genişlənməsinə və elmi nəticələrin davamlı artmasına zəmin yaradıb.

ERAmedia xəbər verir ki, bu fikirləri Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov bildirib. Rektor vurğulayıb ki, müasir dövrdə universitetlərin uğuru təkcə tədris fəaliyyəti ilə ölçülmür. Bilik iqtisadiyyatının sürətlə inkişaf etdiyi, innovasiyaların rəqabət qabiliyyətini müəyyənləşdirdiyi bir şəraitdə ali təhsil müəssisələri yeni bilik yaradan, elmi araşdırmaları təşviq edən, texnoloji yenilikləri formalaşdıran və cəmiyyətin intellektual inkişafına istiqamət verən strateji mərkəzlərə çevriliblər. Bu baxımdan akademik mükəmməllik, elmi məhsuldarlıq, beynəlxalq elmi inteqrasiya və innovativ idarəetmə universitetlərin davamlı inkişafını şərtləndirən başlıca amillərdir. Mingəçevir Dövlət Universitetində də məhz bu yanaşma əsas götürülərək elmi fəaliyyətin nəticəyönümlü təşkili, tədqiqatların keyfiyyətinin yüksəldilməsi, gənc alimlərin dəstəklənməsi, innovativ təşəbbüslərin təşviqi və beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi istiqamətində ardıcıl iş aparılır. MDU əməkdaşlarının “Scopus” bazasında indekslənən elmi məqalələrinin sayı son beş il ərzində 3–4 dəfə artıb. Bu göstərici universitetdə formalaşdırılan sağlam elmi mühitin, akademik fəaliyyətə verilən sistemli dəstəyin və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin real nəticəsidir.

Anar Eminov qeyd edib ki, universitetdə elmi fəaliyyətin stimullaşdırılması, professor-müəllim heyətinin və gənc tədqiqatçıların elmi potensialının inkişaf etdirilməsi, beynəlxalq layihələrdə iştirakın genişləndirilməsi, tətbiqyönümlü tədqiqatların təşviqi, innovativ ideyaların dəstəklənməsi və akademik fəaliyyətin obyektiv nəticələr əsasında qiymətləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər ali təhsil müəssisəsində sağlam akademik rəqabət mühitini daha da möhkəmləndirib. Hazırda MDU tərəfindən təşkil olunan beynəlxalq elmi konfransların materiallarının “Scopus” bazasında indeksləndirilməsi istiqamətində müvafiq işlər görülür. Bununla yanaşı, alimlərin “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq elmi informasiya bazalarında indekslənən jurnallarda məqalə dərc etdirməsi imkanlarının genişləndirilməsi, beynəlxalq elmi layihələrdə iştirakının artırılması və yeni akademik tərəfdaşlığın qurulması universitetin əsas fəaliyyət istiqamətlərindən biri olaraq davam etdirilir. Bu təşəbbüslər MDU-nun qlobal elmi şəbəkələrdə mövqeyinin möhkəmlənməsinə, beynəlxalq elmi əməkdaşlığın daha da gücləndirilməsinə və universitetin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir.

“Qarşıdakı dövrdə əsas məqsəd MDU-nun beynəlxalq elmi reytinqlərdə mövqeyini daha da gücləndirmək, universiteti regionun güclü tədqiqat mərkəzlərindən birinə çevirmək və Azərbaycan ali təhsilinin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına töhfə verməkdir. İnanıram ki, həyata keçirdiyimiz sistemli islahatlar MDU-nun elmi nüfuzunu daha da yüksəldəcək və universitetimizi regionun qabaqcıl ali təhsil müəssisələrindən biri kimi möhkəmləndirəcək”, – deyə Anar Eminov fikirlərini yekunlaşdırıb.


media-adspc

Bənzər xəbərlər