Elmi işlər, diplom və dissertasiyalar süni intellektə həvalə edilməməlidir - Ekspert
Bir neçə saniyə ərzində geniş məlumat əldə etmək, mürəkkəb mövzuları sadə dillə anlamaq, səhifələrlə materialı qısa zamanda ümumiləşdirmək… Süni intellektin gündəlik həyatımıza daxil olması ilə işimiz xeyli asanlaşıb. Xüsusilə təhsil sahəsində bu texnologiyanın imkanlarından istifadə getdikcə genişlənir. Vaxtilə tələbələrin saatlarla kitabxanalarda araşdırma apardığı, müxtəlif mənbələri nəzərdən keçirərək sərbəst işlər, təqdimatlar və elmi tədqiqatlar hazırladığı proseslər indi bir neçə sorğu ilə qismən həyata keçirilə bilir.
Lakin texnologiyanın yaratdığı bu rahatlıqdan hər kəs eyni məqsədlə istifadə etmir. Süni intellektdən öyrənmək, araşdırmaq və biliklərini dərinləşdirmək üçün yararlananlarla yanaşı, öz üzərinə düşən işi bütövlükdə bu vasitəyə həvalə edənlər də var. Bəzən tələbənin şəxsi araşdırmasının, müstəqil düşüncəsinin və yaradıcı yanaşmasının nəticəsi olmalı olan tapşırıqlar hazır mətnlərin əldə edilməsi ilə əvəzlənir. Belə olduqda isə ortaya başqa bir sual çıxır: tələbə həqiqətən öyrənir, yoxsa sadəcə tapşırığı yerinə yetirmiş olur?
Əslində, ali təhsilin məqsədi yalnız tapşırıqları vaxtında təhvil vermək və qiymət almaq deyil. Universitet illəri insanın müstəqil düşünməyi, məlumatları təhlil etməyi, müxtəlif fikirləri müqayisə etməyi və əsaslandırılmış nəticələr çıxarmağı öyrəndiyi mühüm mərhələdir. Hazır cavabların asanlıqla əldə edilməsi isə bu bacarıqların formalaşmasına mane ola bilər. Xüsusilə elmi işlərdə, buraxılış və magistr dissertasiyalarında tələbənin öz araşdırması, tənqidi təfəkkürü və şəxsi töhfəsi əsas meyar olaraq qalmalıdır. Süni intellektdən istifadə edildikdə mürəkkəb mövzuları anlamaq, araşdırma istiqamətlərini müəyyənləşdirmək, məlumatları sistemləşdirmək və yeni ideyalar əldə etmək mümkündür. Əsas məsələ bu texnologiyanın insanı düşünməkdən uzaqlaşdıran vasitəyə, yoxsa öyrənməni asanlaşdıran köməkçiyə çevrilməsidir.
ERAmedia xəbər verir ki, mövzu ilə bağlı AZƏRTAC-ın suallarını cavablandıran təhsil eksperti Ramin Nurəliyev bildirib ki, süni intellekt təhsilalanların bilik və bacarıqlarının inkişafına dəstək verən faydalı vasitə olsa da, ondan istifadə zamanı akademik dürüstlük prinsipləri qorunmalıdır. Süni intellektdən məlumatların toplanması, mürəkkəb mövzuların daha aydın başa düşülməsi və araşdırmanın istiqamətinin müəyyənləşdirilməsi məqsədilə yararlanmaq mümkündür. Lakin bu texnologiyanın təqdim etdiyi mətnləri olduğu kimi mənimsəmək və ya tələbənin müstəqil şəkildə yerinə yetirməli olduğu tapşırıqları bütövlükdə ona həvalə etmək düzgün yanaşma deyil. Belə bir vərdiş təhsilalanın öz biliklərini tətbiq etmək, məlumatları təhlil etmək, müstəqil nəticələr çıxarmaq və tənqidi düşünmək imkanlarını məhdudlaşdıra bilər.
Ekspert qeyd edib ki, süni intellektdən istifadədə əsas məqsəd tələbənin müstəqil düşünmə və araşdırma bacarıqlarını əvəzləmək deyil, onların inkişafına dəstək göstərmək olmalıdır: “Elmi işlərin, buraxılış və diplom işlərinin, magistratura və doktorantura dissertasiyalarının əsasını tələbənin şəxsi araşdırması, düşüncəsi və elmi yanaşması təşkil etməlidir. Bu işlər yalnız müəyyən tələblərə uyğun mətn hazırlamaqdan ibarət deyil, həm də tədqiqat aparmaq, mövcud məlumatları qiymətləndirmək və əsaslandırılmış nəticələrə gəlmək bacarıqlarının formalaşmasına xidmət edir. Buna görə də süni intellekt tədqiqat prosesində istiqamətverici və yardımçı vasitə kimi istifadə olunmalı, elmi işin məzmunu və nəticələri isə tələbənin öz əməyinə, biliklərinə və müstəqil təfəkkürünə əsaslanmalıdır”.










