media-e43abb6a-7427-4b9c-94f7-16f0e34d7420

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Azərbaycanın rəqəmsal transformasiya sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Deputat qeyd edib ki, XXI əsrdə dövlətlərin inkişaf səviyyəsini müəyyən edən əsas meyarlardan biri rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya və məlumatların idarə olunmasıdır. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən cari ilin fevral ayında keçirilən müşavirədə qəbul olunan qərarlar Azərbaycanın rəqəmsal inkişaf strategiyasında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub.

E.Akimova vurğulayıb ki, Rəqəmsal İnkişaf Şurasının yaradılması və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiqi ölkənin rəqəmsal gələcəyinin sistemli və uzunmüddətli konsepsiya əsasında qurulduğunu göstərir.

Deputatın sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasına rəhbərlik etməsi xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, rəqəmsal transformasiya dövlət idarəçiliyindən iqtisadiyyata, təhsildən səhiyyəyə qədər bütün sahələri əhatə edən kompleks prosesdir və belə genişmiqyaslı islahatların vahid mərkəzdən koordinasiya olunması mühüm əhəmiyyət kəsb edir.

Elnarə Akimova qeyd edib ki, artıq qısa müddətdə “mygov” platformasının genişləndirilməsi, elektron xidmətlərin vahid ekosistemə inteqrasiyası, proaktiv dövlət xidmətlərinin tətbiqi və “Yalnız bir dəfə” prinsipinin həyata keçirilməsi dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcını göstərir. Onun sözlərinə görə, cəmi üç ay ərzində platforma istifadəçilərinin sayının 2,7 milyondan 3,5 milyona yüksəlməsi vətəndaşların rəqəmsal xidmətlərə artan marağının göstəricisidir.

Deputat fəaliyyət planının əsas üstünlüklərindən birinin rəqəmsallaşmaya yalnız texniki yenilik kimi deyil, idarəetmə fəlsəfəsi kimi yanaşılması olduğunu bildirib. O qeyd edib ki, dövlət məlumat hövzəsinin yaradılması, vahid məlumat idarəetmə standartlarının tətbiqi, analitika və süni intellekt texnologiyalarından istifadə vətəndaşlara daha çevik və fərdiləşdirilmiş xidmətlərin göstərilməsinə imkan verəcək.

E.Akimova innovasiya iqtisadiyyatının formalaşdırılması istiqamətində görülən işləri də yüksək qiymətləndirib. O bildirib ki, vençur maliyyələşdirilməsi, mələk investor institutu, kraudfandinq mexanizmləri, ESOP modeli və digər beynəlxalq investisiya alətlərinin hüquqi dövriyyəyə daxil edilməsi Azərbaycanın innovasiya ekosisteminin qlobal standartlara uyğunlaşmasına xidmət edəcək.

Deputat süni intellekt sahəsində müəyyən edilmiş hədəflərin də diqqətəlayiq olduğunu vurğulayaraq bildirib ki, dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqi, “mygov” platformasında virtual köməkçinin istifadəyə verilməsi, milli hesablama infrastrukturunun və GPU əsaslı texnoloji bazanın yaradılması ölkənin bu sahədə milli potensialını gücləndirəcək.

Elnarə Akimova kibertəhlükəsizlik istiqamətində həyata keçirilən islahatlara da toxunaraq Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli CERT və SOC mərkəzlərinin formalaşdırılması, kritik informasiya infrastrukturunun qorunmasına dair yeni mexanizmlərin tətbiqinin Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Deputat təhsil sahəsində aparılan rəqəmsal transformasiyanın gələcəyin insan kapitalına yönəlmiş mühüm investisiya olduğunu qeyd edib. O bildirib ki, məktəblərin təhlükəsiz internetlə təmin olunması, “Rəqəmsal məktəb”, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələrinin uğurla icrası rəqəmsal düşüncəyə malik yeni nəslin formalaşdırılmasına töhfə verir.

Sonda Elnarə Akimova vurğulayıb ki, 2026–2028-ci illər üzrə Fəaliyyət Planı ayrı-ayrı layihələrin toplusu deyil, dövlət idarəçiliyindən iqtisadiyyata, təhsildən innovasiyaya qədər bütün istiqamətləri əhatə edən vahid milli inkişaf strategiyasıdır. Onun fikrincə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Şuranın fəaliyyətə başlaması islahatların sistemli, çevik və nəticəyönümlü şəkildə həyata keçirilməsini təmin edəcək, Azərbaycanın rəqabətqabiliyyətli iqtisadiyyata və güclü rəqəmsal cəmiyyətə malik ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək.


media-adspc

Bənzər xəbərlər