media-691104541_955765800683214_3603571319377092217_n
Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu St. Sumqayıt ərazisində, Məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə fəaliyyət göstərən rayonun M.Əliyev adına Hal kənd tam orta məktəbində, rayonun Hal kənd sakini, uzun illər Hal kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmış Əməkdar müəllim, “Şərəf nişanı” ordenli İsfəndiyar Haqverdi oğlu İbrahimovun 116 illik şərəfli ömür yoluna həs olunmuş tədbir keçirildi.
ERAmedia xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb kollektivləri və Hal kənd orta məktəbinin keçmiş məzunları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə Tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin, Şəhidlərimizin və Mərhum İsfəndiyar İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Dövlət Himni səsləndirildi.
Sonra Əməkdar müəllim İsfəndiyar İbrahimovun həyatından bəhs edən Videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov orta məktəb illərini xatırlayaraq, müəllimi olmuş mərhum İsfəndiyar İbrahimov haqqında yüksək fikirlərini bölüşdü. Cənab başçı İsfəndiyar müəllimin təkcə pedaqoji fəaliyyətini deyil, həm də onun peşəkar məktəb direktoru və böyük təşkilatçılıq istedadını xüsusi vurğuladı:
​”O, bizə təkcə fənnin sirlərini öyrədən bir müəllim deyil, həm də rəhbərlik etdiyi təhsil ocağında yüksək nizam-intizam yaradan, uzaqgörən bir məktəb direktoru idi. Onun rəhbərlik fəaliyyəti özlüyündə bir idarəçilik məktəbi idi.
​İsfəndiyar müəllim mahir bir təşkilatçı kimi məktəbin bütün kollektivini vahid bir amal uğrunda birləşdirməyi bacarırdı. Onun direktor olduğu illərdə təhsil ocağımız rayonun ən nümunəvi məktəblərindən birinə çevrilmişdi. O, hər bir şagirdin qabiliyyətini düzgün qiymətləndirməyi, bizdə məsuliyyət hissini formalaşdırmağı hər şeydən üstün tuturdu. Biz ondan təkcə elm öyrənmədik, həm də işə dürüst yanaşmağı, təşkilatçılığı və liderlik xüsusiyyətlərini əxz etdik.
​Bu gün mən bir rayon rəhbəri kimi fəaliyyət göstərərkən, vaxtilə İsfəndiyar müəllimin bir direktor kimi bizə göstərdiyi o prinsipiallıq və təşkilatçılıq nümunələrini hər zaman ehtiramla xatırlayıram. Belə fədakar ziyalıların xatirəsi hər zaman uca tutulmalıdır. Allah rəhmət eləsin!”
Daha sonra çıxış edən həmin dövrün məzunları və mərhumun həmkarları da öz unudulmaz xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Məzunlar qeyd etdilər ki, İsfəndiyar müəllim hər bir şagirdin qəlbinə yol tapmağı bacaran, onlara özünəinam hissi aşılayan bir yol göstərən idi: Vurğuladılar ki, İsfəndiyar müəllimin direktor olduğu illər məktəbin “qızıl dövrü” kimi yaddaşlara həkk olunub. Onun yaratdığı səmimi, lakin ciddi iş mühiti sayəsində yüzlərlə gənc cəmiyyət üçün faydalı vətəndaş kimi yetişib.
Çıxışlarda qeyd olundu ki, o, hər bir şagirdin çətinliyinə bir ata qayğısı ilə yanaşar, eyni zamanda yüksək təşkilatçılıq qabiliyyəti ilə məktəbin nüfuzunu rayonun ən uca zirvəsinə qaldırardı.
Tədbir iştirakçıları bir daha əminliklə bildirdilər ki, İsfəndiyar müəllim kimi işıqlı insanlar cismən aramızda olmasalar da, onların yetişdirdiyi nəsillər və qoyub getdikləri mənəvi irs Qubadlı ictimaiyyətinin qəlbində əbədi yaşayacaqdır.
Tədbirin sonunda mərhum Əməkdar müəllim İsfəndiyar İbrahimovun ailə üzvləri və yaxınları çıxış edərək, unudulmaz pedaqoqun xatirəsinə göstərilən bu yüksək ehtirama, həmçinin tədbirin təşkilində əməyi keçən hər kəsə, xüsusilə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova dərin minnətdarlıqlarını bildirdilər. Onlar bu addımı ziyalı əməyinə verilən ən böyük dəyər və mənəvi vəfa borcu kimi qiymətləndirdilər.
Tədbir müğənnilərin ifalarında musiqi parçaları, məktəb şagirdlərinin və mərhum İsfəndiyar İbrahimovun nəvə və nəticələrinin söylədiyi şeirlərlə davam etdirildi.
İsfəndiyar Haqverdi oğlu İbrahimov 1910-cu ildə Qubadlı rayonunun Hal kəndində ortabab kəndli ailəsində dünyaya göz açmışdı. O, sözün və sənətin qiymətləndirildiyi bir ailədə böyümüşdü. Atası Haqqverdi, Zəngəzur və Qarabağ bölgəsində tanınmış şairlərdən biri olmuş, qoşma və qəzəlləri dillər əzbərinə çevrilmişdi. Qardaşı İdris isə yaxşı bir yazıçı kimi tanınırdı. Belə zəngin mənəvi mühitdə yetişən İsfəndiyar müəllimin gələcək həyatında bu ailə tərbiyəsi mühüm rol oynamış, onun bilikli və istedadlı bir şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərmişdi.
İlk təhsilini doğma Hal kənd orta məktəbində alan İsfəndiyar müəllim daha sonra Şuşa pedaqoji məktəbində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdi. Təhsilini başa vurduqdan sonra o, müəllimlik fəaliyyətinə başlayaraq rayonun müxtəlif məktəblərində çalışmışdı. 1961-ci ilə qədər müəllim kimi fəaliyyət göstərmiş, həmin ildən ömrünün sonuna qədər Hal kənd orta məktəbində direktor vəzifəsində işləmişdi.
Onun rəhbərliyi dövründə Hal kənd orta məktəbi yalnız Qubadlı rayonunda deyil, bütün respublikada qabaqcıl təhsil ocaqlarından biri kimi tanınırdı. Məktəbin məzunlarının 90-95 faizinin respublikanın müxtəlif ali məktəblərinə qəbul olunması İsfəndiyar müəllimin pedaqoji ustalığının, təşkilatçılıq qabiliyyətinin və təhsilə olan yüksək məsuliyyətinin bariz göstəricisi idi.
İsfəndiyar müəllim tələbkar, prinsipial və eyni zamanda son dərəcə qayğıkeş pedaqoq idi. O, dərslərini maraqlı və cazibədar şəkildə keçər, şagirdlərdə elmə və biliyə böyük maraq oyadardı.
Tələbkarlığı ilə yanaşı, insanlara qarşı mehriban, səmimi münasibəti ilə seçilirdi. Həm müəllim kollektivində, həm də şagirdlər arasında böyük hörmət qazanmışdı.
1941–1945-ci illərdə Böyük Vətən müharibəsində fəal iştirak edən İsfəndiyar müəllim həyatının bu çətin dövrünü də şərəflə yaşamışdı. O, müharibə xatirələrini danışarkən qeyd edirdi ki, boyunun uca olması səbəbindən əsgərlər sıraya düzüləndə həmişə ön sırada dayanardı. Müxtəlif döyüşlərdə bir neçə dəfə yaralansa da, taleyin hökmü ilə müharibədən sağ-salamat qayıtmışdı. Bu səbəbdən o, sonrakı həyatında vətənpərvərlik məsələlərinə xüsusi diqqət yetirir, şagirdlərə sülhün və əmin-amanlığın dəyərini aşılayırdı.
İsfəndiyar İbrahimov yalnız pedaqoji fəaliyyəti ilə deyil, ictimai həyatda da fəallığı ilə seçilirdi.
O, rayon ictimaiyyətinin fəallarından biri olmuş, dəfələrlə kənd sovetinin deputatı və Qubadlı rayon Partiya Komitəsinin plenum üzvü seçilmişdi. Yüksək şəxsi keyfiyyətləri, dürüstlüyü və prinsipiallığı ilə ətrafında olan insanların böyük hörmətini qazanmışdı.
O, həm də kəndin ağsaqqallarından biri idi. Xeyir-şər məclislərində ağsaqqallıq edir, insanlara yol göstərirdi. Qonaqpərvərliyi, ailəcanlılığı və yüksək mənəvi keyfiyyətləri ilə seçilən İsfəndiyar müəllim nümunəvi bir ailə başçısı idi.
Əmək fəaliyyətinə və cəmiyyətə verdiyi töhfələr yüksək qiymətləndirilmiş, o, “Əməkdə fərqlənməyə görə” medalı, “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, 1960-cı ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdü.
İsfəndiyar Haqverdi oğlu İbrahimov 1980-ci il mart ayının 3-də vəfat etmişdir.
Allah rəhmət eləsin!

media-adspc

Bənzər xəbərlər