"Ən ağır zərbələr ən yaxınlardan gəlir" – Maraqlı açıqlama
İnsanların etibar anlayışı mənə həmişə bir az absurd gəlib.
ERAmedia xəbər verir ki, müğənni Nura Suri sosial media hesabında etibar, insan münasibətləri və gözləntilərlə bağlı diqqətçəkən fikirlərini bölüşüb.
Sənətçi bildirib ki, etibar etməyin mahiyyəti barədə həmişə düşündüyünü vurğulayaraq, insanın başqa bir insana necə tam etibar edə biləcəyini anlamadığını qeyd edib.
“Kiminsə sözünə arxayın olub, sabah da eyni insan olaraq qalacağına, eyni münasibət göstərəcəyinə necə əmin ola bilər? Axı insan bəzən özünə belə tam zəmanət verə bilmir. Dünən çox sevdiyi bir insana bu gün müxtəlif səbəblərdən nifrət edə, fikrini dəyişə bilir. Öz duyğularımızın belə zamanla dəyişə bildiyini bildiyimiz halda, başqasının heç vaxt dəyişməyəcəyinə necə bu qədər inana bilərik?” – deyə o yazıb.
Nura Suri insanların aldığı ən ağır zərbələrin əksər hallarda yadlardan deyil, ən yaxın bildikləri insanlardan gəldiyini bildirib. Onun sözlərinə görə, bunun əsas səbəbi hədsiz etibar və qarşı tərəfdən formalaşdırılan yüksək gözləntilərdir.
Müğənni qeyd edib ki, insan qarşısındakını olduğu kimi deyil, görmək istədiyi kimi qəbul etməyə başlayır və reallıqla üzləşəndə bunu xəyanət kimi qiymətləndirir.
Sonda isə o, kor-koranə etibar etmək əvəzinə insanların dəyişə biləcəyini qəbul etməyin, heç kəsi ideal hesab etməməyin və insanın öz daxili dayaq nöqtəsini başqasının üzərində deyil, özünün üzərində qurmasının daha doğru yanaşma olduğunu vurğulayıb.










