media-df056a-jpg

2025-ci ildə İslandiya, Braziliya və Misir kimi ölkələrdə beynəlxalq ziyarətçilərin sayında ikirəqəmli artım qeydə alınıb.

ERAmedia xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Turizm Təşkilatının (UNWTO) son Dünya Turizm Barometri hesabatında bildirilib.

Son bir neçə ildə sosial şəbəkələrdə tanıdığınız insanların Yaponiya səfərindən fotolar paylaşması adi hala çevrilib. Bu tendensiya təkcə şəxsi müşahidələrlə məhdudlaşmır. UNWTO-nun yayımladığı Dünya Turizm Barometri-2026 hesabatının ilk buraxılışına əsasən, Yaponiya dünyada ən sürətlə böyüyən turizm istiqamətlərindən biri kimi önə çıxır.

Hesabatda 2025-ci ilin noyabr ayınadək olan dövrdə Yaponiya gələn beynəlxalq turistlərin sayının 17 faiz artdığı bildirilir.

Populyarlığı sürətlə artan digər istiqamətlər arasında Braziliya xüsusi diqqət çəkir. Ölkə illik hesabla 37 faiz artım qeydə alıb. Festivallar və konsertlər Braziliyanın turizm cəlbediciliyini artıran əsas amillər sırasındadır. Hər il fevral ayında keçirilən Karnaval böyük kütlələri cəlb edir. Bundan əlavə, 2025-ci ildə Rio-de-Janeyronun UNESCO-nun Dünya Kitab Paytaxtı elan edilməsi və Ledi Qaqanın Kopakabana çimərliyində verdiyi pulsuz konsert beynəlxalq turist marağını daha da artırıb.

Misirdə isə 2024-cü ilin oktyabrında Böyük Misir Muzeyinin (Grand Egyptian Museum) açılışı, ardınca 2025-ci ilin noyabrında keçirilən rəsmi açılış ölkəni turistlərin “mütləq ziyarət edilməli” siyahılarında ön sıralara daşıyıb. Ölkə 20 faizlik artım göstərib.

Avropada beynəlxalq turist sayında ən böyük artım İslandiyada qeydə alınıb. Ölkə 29 faizlik artım ilə lider olub. 2024-cü ilin sonlarında Günəş aktivliyinin maksimuma çatması nəticəsində Şimal İşıqlarının il boyu intensiv müşahidə olunması bir çox turistin İslandiyaya səyahət etməsinə səbəb olub.

Avqust ayında baş verəcək tam Günəş tutulması zamanı ölkənin bəzi bölgələrinin iki dəqiqəyədək qaranlığa qərq olması, gələn il də turizm artımının davam edəcəyinə işarə edir.

Digər yüksələn turizm istiqamətləri sırasında Mərakeş (14 faiz artım) və Seyşel adaları (13 faiz artım) yer alır. Noyabr ayının sonunadək məlumat təqdim edən ölkələr arasında Butan (30 faiz), Qayana (24 faiz) və Cənubi Afrika (19 faiz) də diqqət çəkir.

Ümumilikdə, 2025-ci ildə təxminən 1,52 milyard beynəlxalq turist qeydə alınıb. Avropa 793 milyon ziyarətçi ilə dünyanın ən populyar turizm bölgəsi olaraq qalır.

Hesabatda qeyd olunur ki, “Turizm xidmətlərindəki inflyasiya və geosiyasi çətinliklərə baxmayaraq, 2025-ci ildə səyahətə olan tələbat güclü qalıb, lakin ilin sonuna doğru müəyyən qədər zəifləyib”.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər