Enerji bazarlarında müharibənin “gizli vergisi”: Əlavə xərc 330 milyard dollara çatıb
İran ətrafında baş verən hərbi eskalasiyanın dünya enerji bazarlarına vurduğu zərər artıq 330 milyard dollara çatıb.
ERAmedia xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili açıqlamasında bildirib.
Tahir Mirkişili qeyd edib ki, son altı ay ərzində dünya üzrə yanacaq idxalçıları dəniz yolu ilə alınan xam neft, neft məhsulları və sıxılmış qaz (LNG) üçün müharibədən əvvəl fyuçers bazarlarının gözləntiləri ilə müqayisədə təxminən 330 milyard dollar daha çox vəsait ödəyiblər.
Deputatın sözlərinə görə, bu, 1990-cı il Körfəz müharibəsindən sonra neft bazarında ən böyük davamlı qiymət şoklarından biri hesab olunur.
Əlavə enerji xərclərinin strukturu da problemin miqyasını göstərir. Xam neft üzrə əlavə xərc 164,1 milyard dollar, dizel üzrə 73,8 milyard dollar, LNG üzrə 38 milyard dollar, benzin üzrə 35,7 milyard dollar, aviasiya yanacağı üzrə isə təxminən 20 milyard dollar təşkil edib.
Tahir Mirkişili bildirib ki, əlavə xərclərin təxminən yarısını təkcə xam neft təşkil etsə də, emal olunmuş neft məhsullarında qiymət artımı xam neftlə müqayisədə daha yüksək olub.
Belə ki, altı ay ərzində xam neftin orta qiyməti müharibədən əvvəl gözlənilən 69 dollardan 93 dollara yüksəlib. Bu, təxminən 35 faizlik artım deməkdir. Dizelin qiyməti isə 101 dollardan 161 dollar/barelə yüksələrək təxminən 59 faiz artıb. Benzində isə qiymət 93 dollardan 133 dollara qalxıb ki, bu da 43 faizlik artımdır.
Deputat qeyd edib ki, qaz bazarında təsir daha kəskin olub. Asiya bazarında LNG-nin orta qiyməti müharibədən əvvəlki gözləntilərdən 75 faiz, Avropada isə 60 faiz yüksək olub. Sakit okean hövzəsində LNG-nin qiyməti orta hesabla 10,62 dollardan 18,62 dollar/MMBtu-ya, Atlantik hövzəsində isə 10,65 dollardan 16,99 dollar/MMBtu-ya yüksəlib.
Tahir Mirkişilinin diqqət çəkdiyi digər məqam əlavə enerji xərclərinin ölkələr və regionlar üzrə qeyri-bərabər bölünməsidir. Ən böyük əlavə xərc Avropa İttifaqının üzərinə düşüb – 78 milyard dollar. Çinin əlavə enerji xərci 35 milyard dollar, Hindistanın isə 22 milyard dollar təşkil edib.
Deputat vurğulayıb ki, aşağı və orta gəlirli enerji idxalçısı ölkələrdə əlavə enerji xərclərinin ÜDM-ə nisbəti yüksək gəlirli ölkələrlə müqayisədə orta hesabla təxminən iki dəfə çoxdur. Bu isə enerji şokunun yalnız inflyasiyanı artırmadığını, eyni zamanda ölkələr arasında iqtisadi dayanıqlıq fərqini də dərinləşdirdiyini göstərir.
Tahir Mirkişili uzunmüddətli risklərə də diqqət çəkib. Onun sözlərinə görə, hərbi əməliyyatlar Yaxın Şərqin neft emalı imkanlarının təxminən beşdə birini – gündə 9,6 milyon barelə yaxın gücü sıradan çıxarıb. Bu səbəbdən hərbi qarşıdurma zəifləsə belə, benzin, dizel və aviasiya yanacağının qiymətlərində yüksəkliyin daha uzun müddət davam etməsi mümkündür.
Deputatın sözlərinə görə, böhranın fonunda bərpaolunan enerjinin iqtisadi və strateji əhəmiyyəti də daha aydın görünür. 2020-ci ildən sonra yaradılmış əlavə günəş, külək və digər təmiz elektrik generasiya gücləri böhranın ilk beş ayında enerji idxal edən ölkələrə təxminən 36 milyard dollarlıq kömür, qaz və neft idxalından yayınmağa imkan verib.
Tahir Mirkişili qeyd edib ki, bütün bunlar enerji təhlükəsizliyinin artıq yalnız kifayət qədər neft və qaz əldə etmək məsələsi olmadığını göstərir. Enerji təhlükəsizliyi həm də ölkənin nə qədər enerji idxal etməsindən, öz daxilində nə qədər elektrik istehsal edə bilməsindən, enerji mənbələrini nə qədər diversifikasiya etməsindən və geosiyasi şokları iqtisadiyyata ötürmədən absorbsiya etmək imkanından asılıdır.
“330 milyard dollarlıq əlavə xərc göstərir ki, müasir geosiyasi qarşıdurmaların ən böyük iqtisadi xərclərinin bir hissəsi döyüş meydanından minlərlə kilometr uzaqda yerləşən müəssisələrin istehsal xərclərində, logistika tariflərində, aviabiletlərdə, istilik və elektrik hesablarında ortaya çıxır. Bu xərcləri isə nəticə etibarilə vətəndaşlar ödəyir”, – deyə deputat vurğulayıb.
O əlavə edib ki, enerji qiymətindəki geosiyasi risk bütün dünya iqtisadiyyatına dolayı yolla tətbiq edilən “müharibə vergisi”nə çevrilir.
Vüsalə









