Epşteyn sənədləri bu ölkəni sarsıtdı – Baş nazirdən istefa açıqlaması
Ceffri Epşteynlə bağlı yayımlanan son sənədlərin Böyük Britaniya siyasətində yaratdığı böhran dərinləşir.
ERAmedia xəbər verir ki, baş nazir Kir Starmer haqqında səsləndirilən istefa çağırışlarına cavab verərək vəzifəsini tərk etməyəcəyini açıqlayıb.
Starmer London yaxınlığındakı Hertfordşir şəhərində bir icma mərkəzinə səfəri zamanı ABŞ Ədliyyə Nazirliyinin cinsi istismar şəbəkəsi qurmaqda ittiham olunan amerikalı milyarder Ceffri Epşteynlə bağlı yayımladığı son sənədlərin ölkə siyasətində yaratdığı vəziyyətə münasibət bildirib. Sənədlərdə dövlətə məxsus çoxsaylı məlumatların sızdırılması iddiaları ilə gündəmə gələn keçmiş Lordlar Palatasının üzvü Piter Mandelsonun 2024-cü ilin dekabrında Böyük Britaniyanın ABŞ-dakı səfiri təyin olunmasına razılıq verdiyi üçün tənqid hədəfinə çevrilən Starmer istefa çağırışlarını rədd edib.
“Son günlər bəzi şəxslər deyirlər ki, bu İşçi Partiyası hökuməti ona ehtiyacı olan milyonlarla insan üçün mübarizə aparmaq əvəzinə, fərqli – daxili mübarizə aparır. Onlara deyirəm ki, bu ölkəni dəyişmək üçün mənə verilən mandatdan heç vaxt imtina etməyəcəyəm. Uğrunda mübarizə aparmaqla vəzifələndirildiyim insanlardan və sevdiyim ölkədən əsla vaz keçməyəcəyəm”, – baş nazir bildirib.
Starmer çıxışında əsas mübarizənin partiya daxilində deyil, digər siyasi rəqiblərə qarşı aparılmalı olduğunu vurğulayaraq Reform UK partiyasına qarşı mübarizəyə çağırıb.
Qeyd edək ki, Starmerin şəxsi köməkçisiMorqan MakSvinni Mandelsonun ABŞ səfiri təyinatındakı roluna görə dünən vəzifəsindən istefa verib. MakSvinni bildirib ki, Ceffri Epşteynlə əlaqələri həmin dövrdə ictimaiyyətə məlum olsa da, Mandelsonun bu vəzifəyə gətirilməsi üçün təzyiqlərə məruz qalıb. O, təyinat prosesi üzrə təhlükəsizlik yoxlamasını özü aparmadığını, lakin baş nazirə bu təyinatı tövsiyə etməyin “bütün məsuliyyətini” üzərinə götürdüyünü bildirib.
Yeni açıqlanan yazışmalarda Mandelsonun Ceffri Epşteynə dövlətə məxsus çoxsaylı məlumatları ötürdüyü iddia olunur. Bildirilir ki, Mandelson 2009-cu ildə Qordon Braun hökumətində Biznes və Ticarət naziri vəzifəsində çalışarkən Epşteynə JP Morgan bankının rəhbərinin Böyük Britaniyanın maliyyə nazirini bank bonuslarına tətbiq ediləcək vergi planlarına görə “yüngül şəkildə təhdid etməli” olduğunu deyib. Həmçinin Avropa İttifaqının avrozonadakı borc böhranı zamanı hazırladığı 500 milyard avroluq xilasetmə paketini əvvəlcədən Epşteynə çatdırdığı iddia edilir.
Bundan başqa, Ceffri Epşteynin 2003 və 2004-cü illərdə Mandelsona hərəsi 25 min dollar olmaqla ümumilikdə 75 min dollar vəsait göndərdiyi, eləcə də Mandelsonun partnyoru Reynaldo Avila da Silvaya 10 min funt sterlinq köçürdüyü ortaya çıxıb.
1997, 2001 və 2005-ci illərdə İşçi Partiyasının seçki qələbələrinin əsas memarlarından biri hesab olunan Mandelson yeni yazışmaların üzə çıxmasından sonra fevralın 4-dən etibarən Lordlar Palatasından ayrılacağını açıqlayıb, fevralın 8-də isə İşçi Partiyasının üzvlüyündən istefa verib.
Vural









