media-bcebf36d-33e2-4bf6-a5d6-94b7f70bb68f

Ərbəin yürüşü təkcə dini ziyarət deyil, həm də Kərbəla hadisəsində şəhid olan İmam Hüseyn (ə) və onun ailəsinə mənəvi həmrəyliyin ifadəsi kimi dəyərləndirilir.

ERAmedia-nın məlumatına görə, dini mövzular üzrə mütəxəssis Kənan Rövşənoğlu bildirib ki, Kərbəla faciəsindən sonra İmam Zeynalabdin (ə), Həzrət Zeynəb (s.ə) və digər əsirlər qolları zəncirlənmiş vəziyyətdə, İmam Hüseynin (ə) və onun şəhid silahdaşlarının kəsilmiş başları ilə birlikdə Kərbəladan Kufəyə (indiki Nəcəf bölgəsinə) aparılmışdı.

Onun sözlərinə görə, bu gün isə həmin istiqamətin əksinə – Nəcəfdən Kərbəlaya doğru milyonlarla insanın piyada yürüş etməsi Əhli-Beytə sədaqətin və mənəvi bağlılığın rəmzinə çevrilib. Mütəxəssis qeyd edib ki, möminlər bu yürüş vasitəsilə Peyğəmbər (s) ailəsinin yaşadığı ağrını mənəvi olaraq bölüşməyə, onların tarixdə tək qalsalar da, bu gün milyonlarla insanın sevgisi və dəstəyi ilə əhatə olunduğunu nümayiş etdirməyə çalışırlar.

Kənan Rövşənoğlu vurğulayıb ki, Ərbəin yürüşünün mahiyyəti İslamdakı digər rəmzi ibadətlərlə də oxşarlıq təşkil edir. Onun sözlərinə görə, Həcc ziyarəti zamanı zəvvarların Səfa və Mərvə arasında səy etməsi Həzrət Hacərin (ə) oğlu İsmayıl üçün su axtarmasını, Mina bölgəsində qurban kəsməsi isə Həzrət İbrahimin (ə) itaət və təslimiyyətini yad etdiyi kimi, Nəcəfdən Kərbəlaya piyada yürüş də İmam Hüseyn (ə) və ailəsi ilə həmrəylik nümayişidir.

Ekspert bildirib ki, dünyanın müxtəlif ölkələrindən Kərbəlaya axın edən milyonlarla insan bu yürüşlə İmam Hüseynin (ə) yoluna bağlılığını ifadə edir. Onun fikrincə, Kərbəla hadisəsi zamanı İmam Hüseyn (ə) azsaylı tərəfdarları ilə tək qalsa da, bu gün onun məzarını ziyarət edən milyonlarla insan sevgi, ehtiram və sədaqətini nümayiş etdirir.

Kənan Rövşənoğlu əlavə edib ki, Ərbəin yürüşü həm də Həzrət Məhəmmədə (s) və onun Əhli-Beytinə ehtiramın təzahürüdür. O bildirib ki, bu ziyarətə təsadüfi olaraq “Eşq səfəri” deyilməyib. Çünki onun sözlərinə görə, heç bir məcburiyyət olmadan on minlərlə, hətta milyonlarla insanın təxminən 85–90 kilometrlik yolu piyada qət etməsi yalnız dərin inam, sevgi və mənəvi bağlılıqla izah oluna bilər.

Sonda ekspert İmam Hüseynə (ə), onun oğlu Həzrət Əliyə (ə), övladlarına və Kərbəla şəhidlərinə salam və ehtiramını ifadə edib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər