Ərəb liderlərin təzyiqindən sonra Ağ Ev geri addım atdı
ABŞ ilə İran arasında nüvə danışıqlarının keçirilmə yeri ilə bağlı yaranan qeyri-müəyyənlikdən sonra bəzi ərəb liderlərinin Ağ Ev qarşısında lobbiçilik apardığı və bunun nəticəsində ABŞ–İran danışıqlarına yenidən qayıdıldığı iddia olunur.
ERAmedia xəbər verir ki, “Axios” xəbər platformasına danışan və adlarının açıqlanmasını istəməyən iki ABŞ rəsmisi ABŞ–İran danışıqlarının bərpası prosesini dəyərləndirib.
ABŞ-li rəsmilərin bildirdiyinə görə, bölgədən azı 9 ölkə lideri Ağ Evə müraciət edərək “İranla nüvə danışıqlarının dayandırılmaması” istiqamətində təzyiq göstərib. Bu təmaslardan sonra ABŞ-ın Omanda danışıqlar masasına əyləşməyə razılıq verdiyi qeyd olunub.
Eyni mənbələr görüşmələrin harada keçiriləcəyi ilə bağlı qeyri-müəyyənliyin də aradan qaldırıldığını və İranın təklifinin ABŞ tərəfindən qəbul edildiyini bildiriblər.
Rəsmilərdən biri mövzu ilə bağlı belə deyib:
“Bu liderlər bizdən görüş keçirməyimizi və iranlıların nə demək istədiyini dinləməyimizi xahiş etdilər. Ərəb ölkələri israr etsə, toplantını keçirəcəyimizi bildirdik. Ancaq hələ də şübhələrimiz var”.
“Anadolu” agentliyinə açıqlama verən Ağ Ev rəsmisi isə İranla danışıqların fevralın 6-da Omanın paytaxtı Maskatda keçiriləcəyini bildirib.
ABŞ Dövlət katibi Marko Rubio məsələ ilə bağlı açıqlamasında İranla aparılacaq danışıqlarda bəzi mövzuların mütləq gündəmdə olmalı olduğunu vurğulayıb. Rubio bildirib ki, danışıqların həqiqətən mənalı nəticə verməsi üçün müəyyən başlıqlar daxil edilməlidir. “Bunlara ballistik raketlərin mənzili, bölgədəki terror təşkilatlarına verilən dəstək, nüvə proqramı və İran hakimiyyətinin öz xalqına qarşı rəftarı daxildir”, – Rubio deyib.
Vural










