Erkən nikahlar 6 dəfə azalıb - AÇIQLAMA
“Ölkədə erkən nikahların sayı azalıb”.
ERAmedia xəbər verir ki, bu barədə “DOST TV”nin efirində yayımlanan “Ekspert rəyi” verilişində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva məlumat verib.
Rəsmi statistikaya istinad edən komitə rəsmisi ölkədə erkən nikahların sayının əvvəlki illərə nəzərən 5-6 dəfə azaldığını bildirib:
“Sözügedən statistika rəsmi qeydiyyatı olmayan, qeyri-qanuni xarakter daşıyan erkən nikahların təyini üçün məhz 18 yaşadək analar tərəfindən dünyaya gətirilən uşaqların sayına əsasən aparılır. Təkcə son illərin göstəricilərinə nəzər saldıqda müsbət dinamikanı açıq şəkildə görmək mümkündür”.
Rəsmi məlumatlara əsasən, 18 yaşadək analar tərəfindən dünyaya gətirilən uşaqların sayı illər üzrə belə dəyişib:
2022-ci ildə – 2011 uşaq,
2023-cü ildə – 1742 uşaq,
2024-cü ildə – 1279 uşaq,
2025-ci ildə – 877 uşaq.









