media-whatsapp-image-2026-04-28-at-09-35-08

Latın Amerikasında fəaliyyət göstərən və ispandilli auditoriyaya yönəlmiş “SoyArmenio” saytında azərbaycanlı müəlliflə bağlı yayılan məqalə müzakirələrə səbəb olub.

Tarix üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, haqqında dərc olunan yazı məqsədli və qərəzli xarakter daşıyır. Onun sözlərinə görə, bu cür materiallar elmi fəaliyyətə təzyiq göstərmək və beynəlxalq platformalarda Azərbaycanın mövqeyini zəiflətmək cəhdidir.

Zaur Əliyev qeyd edib ki, o, fəaliyyətində yalnız arxiv sənədlərinə, elmi mənbələrə və beynəlxalq akademik standartlara əsaslanır.
“Yazılarımda hər hansı siyasi ritorikadan deyil, konkret faktlardan istifadə edirəm. Bu isə bəzi dairələri narahat edir. Çünki illərlə formalaşdırılmış birtərəfli yanaşmalar alternativ faktlarla üz-üzə qalır”, – deyə o əlavə edib.

Alim vurğulayıb ki, Latın Amerikası ölkələrində elmi jurnallarda məqalələrinin dərc olunması onun şəxsi təşəbbüsü və akademik fəaliyyətinin nəticəsidir:

“Bütün məqalələrim rəyçilərdən keçib, elmi tələblərə uyğun hazırlanıb. Bu, hansısa təbliğat deyil, normal akademik fəaliyyətdir”.

O, həmçinin qeyd edib ki, beynəlxalq dillərdə aparılan elmi kommunikasiya Azərbaycanın tarixi ilə bağlı obyektiv məlumatların daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

“Tarix heç bir xalqın inhisarında deyil. Müxtəlif arxivlərdə mövcud olan sənədlər araşdırıldıqca yeni faktlar üzə çıxır. Bu isə tamamilə normal elmi prosesdir”, – deyə o əlavə edib.

Zaur Əliyev haqqında yayılan iddialara da münasibət bildirib. O deyib ki, “Qərbi Azərbaycan” anlayışı, regionun demoqrafik və mədəni tarixi ilə bağlı məsələlər elmi müstəvidə araşdırılır və bu, heç bir halda təhrif kimi təqdim edilə bilməz:

“Əgər hansısa tərəf elmi arqumentlərə cavab verə bilmirsə, şəxsi hücumlara və kampaniyalara əl atır. Bu, yeni deyil”.

Alim əlavə edib ki, bu tip yazılar onun fəaliyyətini dayandırmayacaq:
“Elmi faktları şikayət və ya kampaniya ilə susdurmaq mümkün deyil. Biz tarixə emosiyalarla deyil, sənədlərlə yanaşmalıyıq”.

Sonda o, beynəlxalq akademik mühitdə obyektiv yanaşmanın vacibliyini vurğulayıb və qeyd edib ki, elmi müzakirələr qarşılıqlı hörmət və faktlar üzərində qurulmalıdır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər