media-whatsapp-image-2026-07-21-at-10-11-46

Ermənilərin “Vardavar” adı ilə təqdim etdikləri su bayramı əslində qədim Zərdüştlük ənənəsi olan Tirgān bayramıdır və bununla bağlı çoxsaylı elmi araşdırmalar mövcuddur.

Bu fikirləri tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, son günlər erməni sosial şəbəkələrində insanların bir-birini su ilə islatdığı görüntülər “Vardavar” adı altında geniş paylaşılır və bu mərasimin guya qədim erməni ilahəsi Astğiklə bağlı olduğu, həm bütpərəstlik, həm də xristianlıq dövründən gəlib çatdığı iddia edilir. Lakin tarixçi hesab edir ki, bu yanaşma elmi mənbələrlə uzlaşmır.

Zaur Əliyev bildirib ki, beynəlxalq səviyyədə tanınan zərdüştilik və qədim İran dini üzrə tədqiqatçıların əsərlərində bu mərasimin mənşəyi açıq şəkildə Zərdüştlük ənənəsi ilə əlaqələndirilir. O qeyd edib ki, Albert de Yonq, Meri Boys, İlya Gerşeviç, Ehsan Yarşater, Ceyms Rassell və Maykl Stausberq kimi alimlərin araşdırmalarında söhbətin qədim Zərdüşti Tirgān bayramından getdiyi göstərilir.

Tarixçinin sözlərinə görə, Zərdüşti təqviminə əsasən ilin dördüncü ayı “Tir”, həmin ayın 13-cü günü isə yenə “Tir” adlanırdı. Adların üst-üstə düşdüyü gün Tirgān bayramı kimi qeyd olunurdu.

“Avesta”ya istinad edən Zaur Əliyev bildirib ki, bayramın əsas məzmunu su və bərəkət tanrısı Tiştriyanın quraqlıq və qıtlıq qüvvəsini təmsil edən Apaoşa üzərində qələbəsi ilə bağlıdır. Onun sözlərinə görə, bu münasibətlə insanlar küçələrə çıxaraq bir-birinin üzərinə su səpir, bununla həm tanrıya minnətdarlıqlarını bildirir, həm də bolluq və bərəkət arzulayırdılar.

Tarixçi qeyd edib ki, “Ab-paşan” adlanan bu ənənə yay aylarında quraqlığın aradan qalxması, məhsuldarlığın artması və insanların sərinləməsi məqsədilə icra olunurdu. Onun sözlərinə görə, zaman keçdikcə bu ritual müxtəlif xalqlar arasında yayılıb və fərqli adlarla yaşamağa davam edib. Belə ki, slavyan xalqlarında İvan Kupala, Cənub-Şərqi Asiya ölkələrində isə Sonqkran bayramı kimi tanınan mərasimlərdə də su əsas simvol hesab olunur.

Zaur Əliyev bildirib ki, erməni kilsəsi sonrakı dövrlərdə bu qədim mərasimi xristian təqviminə uyğunlaşdıraraq İsanın Transfiqurasiyası bayramı ilə əlaqələndirib və “Vardavar” adı altında yaşadıb. Onun fikrincə, bu, bayramın ilkin mənşəyini dəyişmir.

Tarixçi əlavə edib ki, bölgənin mədəni irsi ilə bağlı müxtəlif mənimsəmə cəhdləri uzun illərdir müzakirə mövzusudur. O hesab edir ki, regional mədəniyyət nümunələrinin mənşəyi barədə mülahizələr irəli sürülərkən siyasi yanaşmalardan deyil, elmi mənbələrdən və tarixi faktlardan çıxış etmək vacibdir.


media-adspc

Bənzər xəbərlər