Ermənilərin saxtakarlıqlarını ifşa edən yazıçımızın anım günüdür
SSRİ dövründə ermənilərin Azərbaycandakı saxtakarlıqlarını ilk ifşa edən, “60-cılar” adlanan ədəbi nəslin görkəmli nümayəndəsi, dəyərli yazıçımız İsi Məlikzadənin anım günüdür. İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olub.
ERAmedia bildirir ki, İsi Məlikzadə sovet dövründə erməni xislətini açıq-aşkar yazan ilk yazıçımızdır.
O, 1984-cü ildə “Bir göyün altında” hekayəsini yazanda ermənilərin Qarabağ müharibəsi başlamamışdı. Hekayənin süjetində bu epizodlar yer alıb. Bakıdakı “Dostluq” kinoteatrı İrəvanda qastrol səfərində olanda Aram Turabov azərbaycanlı Xürrəmə “Turab sözü erməni sözüdür. Ermənilər tuf daşdan nəhəng sərdabələr tikəndə heç ərəblərin izi-tozu da yox idi. Ermənilər bu planetin ən qədim millətidir”, – deyir. Azərbaycanlı ona layiqincə cavab verərək yerində oturdur: “Mən tarix elmləri namizədiyəm. Belə çıxır ki, Qafqazın tarixini məndən yaxşı bilirsən hə? Tbilisidən biri gəlmişdi bura. Sənin kimi o da çox inad elədi. Axırda o tərsin dizlərini qoydum yerə”.
O, həm də “Evin kişisi”, “Evlənmək istəyrəm”, “Gümüşgöl əfsanəsi”, “Qoca palıdın nağılı”, “Kişi sözü” kimi gözəl filmlərin, məşhur “Qatarda” tamaşasının ssenari müəllifidir. İsi Məlikzadə “Qanlı zəmi” filmində tacir rolunda çəkilib.
Şair Qabil İsi Məlikzadəni Azərbaycan ədəbiyyatının Çexovu adlandırırdı. Ramiz Rövşən isə deyir ki, əgər İsi Məlikzadə yazıçı olmasaydı belə, onun dediklərindən əla bir kitab hazırlamaq olardı.
İsi Məlikzadə 1995-ci ilin dekabrın 5-də Bakıda vəfat edib.
Allah dəyərli ziyalımıza rəhmət eləsin.
Vural










