media-_94625635_795ee4d9-7188-439e-99be-a571e7e918e7-jpg

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca müxalifət düşərgəsində siyasi fəallıq artır və müxtəlif ittifaq variantları müzakirə olunur.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, bu proseslər hakimiyyətin mövqeyini daha da gücləndirə bilər.

Onun sözlərinə görə, eks-prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresinin qurultayı keçirilib və qurultayda partiyanın baş nazir postuna namizədi kimi faktiki rəhbər Levon Zurabyanın adı irəli sürülüb.

E.Şahinoğlu qeyd edib ki, bu siyasi qüvvənin nə seçkilərdə qələbə qazanmaq, nə də parlamentdə təmsil olunmaq şansı yüksək görünür.

Siyasi şərhçinin fikrincə, məhz bu səbəbdən Erməni Milli Konqresi digər müxalifət partiyaları ilə ittifaq yaratmağa çalışır. O bildirib ki, partiya xüsusilə iş adamı və “Taşir” Şirkətlər qrupunun sahibi Samvel Karapetyanın lideri olduğu Güclü Ermənistan Partiyası ilə əməkdaşlıqda maraqlıdır.

“Çünki müxalifət partiyaları arasında məhz Karapetyanın partiyası hakim Mülki Müqavilə Partiyası ilə real rəqabət apara biləcək potensiala malikdir. Buna görə də Erməni Milli Konqresi faktiki olaraq özünü Karapetyanın siyasi layihəsinə yaxınlaşdırmağa çalışır”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, Samvel Karapetyan hələlik belə bir ittifaq barədə yekun qərar verməyib və daha geniş müxalifət koalisiyasının formalaşdırılması variantını nəzərdən keçirə bilər. Bu koalisiyaya Daşnaksütun Partiyası ilə yanaşı, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın rəhbərlik etdiyi siyasi qüvvələrin də daxil olması ehtimal edilir.

Lakin ekspert vurğulayıb ki, bu siyasi düşərgədə illərdir davam edən ciddi fikir ayrılıqları mövcuddur və vahid platformanın formalaşması asan görünmür.

E.Şahinoğlu hesab edir ki, müxalifətin geniş koalisiya şəklində birləşməsi əslində baş nazir Nikol Paşinyanın maraqlarına xidmət edə bilər. “Paşinyan belə bir ittifaqı ‘müharibə partiyası’ kimi təqdim edəcək və onların hakimiyyətə gələcəyi halda bölgədə yeni müharibə riskinin artacağını iddia edəcək. Bu isə seçiciləri seçim qarşısında qoyacaq: ya Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq, ya da yeni müharibə və Ermənistan üçün daha ağır itkilər”, – deyə siyasi şərhçi əlavə edib.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər