media-1637415266_ermenistan

Kreml və ona bağlı dairələr Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfərini narazılıqla qarşılasalar da, bu məsələni geniş şəkildə gündəmə gətirməyiblər.

Siyasi şərhçi Elxan Şahinoğlunun ERAmedia-ya açıqlamasına görə, bunun əsas səbəbi Rusiyanın Azərbaycanın müstəqil siyasət yürütməsini artıq qəbul etməsidir. Onun sözlərinə görə, Moskva Azərbaycanın öz nüfuz dairəsində olmadığını, Türkiyə ilə müttəfiqlik münasibətlərini və Bakının müxtəlif dövlətlərlə sərbəst əlaqələr qurmaq imkanını reallıq kimi qəbul edir.

Şərhçi qeyd edir ki, eyni yanaşmanı Ermənistanla bağlı müşahidə etmək mümkün deyil. “Hər nə qədər baş nazir Nikol Paşinyan Rusiyanın təsirindən uzaqlaşmağa çalışsa da, Ermənistan hələ də Moskva tərəfindən vassal ölkə kimi qiymətləndirilir”, – deyə o bildirib.

Elxan Şahinoğlu vurğulayıb ki, bu səbəbdən Kreml və ona bağlı media qurumları Zelenskinin Avropa Siyasi Birliyinin sammitində iştirak məqsədilə Ermənistana səfərini daha sərt reaksiya ilə qarşılayıblar. Onun fikrincə, erməni radikal dairələri də eyni mövqedən çıxış edərək Ukrayna Prezidentinin İrəvana səfərinin Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcəyini iddia edirlər.

Şərhçi əlavə edib ki, Zelenskinin İrəvana səfəri Ermənistan rəhbərliyinin təşəbbüsü deyil: “Bu, Avropa Siyasi Birliyinin sammitidir və iştirakçıların siyahısını Brüssel müəyyənləşdirir”.

Onun sözlərinə görə, Kreml və erməni radikallar sammitin ümumiyyətlə İrəvanda keçirilməsini də Paşinyanın Rusiyaya qarşı addımı kimi qiymətləndirirlər. Halbuki, 2026-cı ildə sammitin İrəvanda, növbəti ildə isə Bakıda keçirilməsi qərarı da Avropa strukturları tərəfindən qəbul olunub.

Elxan Şahinoğlu hesab edir ki, Brüsselin bu addımda müəyyən siyasi məqsədləri var:

“Avropa İttifaqı İrəvanda keçiriləcək sammit vasitəsilə həm Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışır, həm də qarşıdan gələn parlament seçkilərində Paşinyanın mövqelərini gücləndirməyi hədəfləyir”.

Vural


media-adspc

Bənzər xəbərlər